Bakı qəsəbələrində 18 sahibkarlıq subyektinə 2,2 mln. manat güzəştli kredit verilib

Bakı qəsəbələrində 18 sahibkarlıq subyektinə 2,2 mln. manat güzəştli kredit verilib
# 31 may 2012 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Ramana qəsəbəsində keçirib.

APA-Economics”in xəbərinə görə, 100-dək sahibkarın iştirak etdiyi tədbirdən əvvəl əsas hissəsi SKMF-in vəsaitləri hesabına maliyyələşdirilmiş Sabunçu rayonu, Bilgəh qəsəbəsində faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana təsərrüfatının fəaliyyətinə baxış keçirilib.

Tədbirdə Sabunçu rayonunun, o cümlədən tədbirin keçirildiyi Ramana qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, müasir quşçuluq kompleksinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Şakir Alıyev Azərbaycan prezidenti İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Sabunçu rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə məlumat veriblər. E.İbrahimov həmçinin Azərbaycan prezidentinin “Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən yaradılmış www.icazeler.gov.az saytı barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1071 investisiya layihəsinin maliyyələşdirilməsinə 93,7 mln. manat, Bakı qəsəbələri üzrə isə 80 investisiya layihəsinin maliyyələşdirilməsinə 11,1 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4070-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, ötən il və bu ilin ötən dövrü ərzində SKMF-in vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 290 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin - faraş tərəvəz məhsulları və dekorativ bitkilər yetişdirilən 9 müasir istixana təsərrüfatı, 8 müasir quşçuluq təsərrüfatı, 7 müasir çörək istehsalı müəssisəsinin, ət kəsimi və ət emalı müəssisənin, yeyinti sənayesi məhsulları istehsalı müəssisəsinin, müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun, mebel fabrikinin və tikinti materialları istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 46,1 mln. manat güzəştli kredit verilib. Yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrdən 6-sı, o cümlədən 3 müasir istixana təsərrüfatı, 2 müasir çörək istehsalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə 2,2 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 370-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR