Azərbaycanda I rübdə 4 yeni elektron ATS istismara verilib

Azərbaycanda I rübdə 4  yeni elektron ATS istismara verilib
# 30 aprel 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda sabit telekommunikasiya sektorunun inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, keyfiyyətli və dayanıqlı telefon rabitəsinin təşkili məqsədilə həyata keçirilmiş investisiya layihələri çərçivəsində 4 ədəd yeni elektron ATS (EATS) istismara verilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həmçinin 2 ATS rekonstruksiya olunub, 6 ATS-də isə genişləndirmə işləri aparılıb. Nəticədə, ölkənin ümumi telefon şəbəkəsi üzrə montaj tutumu 3 min nömrə artırılaraq, ölkə üzrə ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 733 607 nömrəyə çatdırılıb.

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və «Aztelekom» İstehsalat Birliyi şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi ölkə əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı ərazini əhatə edir və abunəçilərin sayı 29 079 nəfər (o cümlədən, BTRİB üzrə 8 888 nəfər, «Aztelekom» üzrə 20 191 nəfər) təşkil edir.

Həyata keçirilmiş tədbirlər nəticəsində hesabat dövründə əsas telefon aparatlarının ümumi sayı 3 043 ədəd artırılaraq 1 468 478 ədəd olub.

Azərbaycan üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 ədədə çatdırılıb. Bu göstərici Bakıda 36,4 ədəd, ölkənin digər ərazilərində 10,99 ədəd, kənd yerlərində isə 7,1 ədəd təşkil edib.

Eyni zamanda hər 100 ailəyə düşən telefon aparatlarının sayı 68,8 ədəd, o cümlədən Bakı şəhəri üzrə 136,5 ədəd, Azərbaycanın digər ərazilərində isə 47,53 ədəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR