İrlandiyanın “Eurovision-2012” təmsilçiləri: “Azərbaycanın adı bütün Avropanın dilindədir” - MÜSAHİBƏ - FOTOSESSİYA

İrlandiyanın “Eurovision-2012” təmsilçiləri: “Azərbaycanın adı bütün Avropanın dilindədir” - <font color=red>MÜSAHİBƏ - FOTOSESSİYA</font>
# 01 may 2012 12:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. İrlandiyanı bu il də “Eurovision”da təmsil etmək şansı qazanan "Jedward" pop-dueti Con Qrayms (John Paul Henry Richard Grimes) və Edvard Qrayms (Edward Peter Anthony Kevin Grimes) qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olublar. 2011-ci ildə İrlandiyanı «Eurovision» mahnı müsabiqəsində təmsil edən əkizlər 8-ci yerdə qərarlaşıblar. Qardaşlar təmsilçilik hüququ qazandıqdan sonra Azərbaycan və paytaxt Bakı ilə yaxından maraqlanmağa başlayıblar. Onlar Azərbaycana səfərləri ərəfəsində müsabiqə və Bakı haqqında fikirlərini APA-ya müsahibələrində bölüşüblər.

- “Eurovision-2012” yarışmasının başlamasına az qalıb. Müsabiqəyə necə hazırlaşırsınız? Bakı haqqında hansı bilgilərə sahibsiniz?

- Azərbaycana xüsusi hazırlaşırıq, ölkənizdə heç olmamışıq. Bilirik ki, ölkə çox uzaqda yerləşir. Bu gün Azərbaycanın adı bütün Avropanın dilindədir, hər kəs bu ölkədən danışır. Bilirik ki, Bakıda çoxsaylı yeni otellər tikilir. Əminik ki, Azərbaycanda hər şey super olacaq və özümüzü buna hazırlayırıq.

- Siz ötən il bu müsabiqədə çıxış edərək 10-cu yeri tutmusunuz. Bu dəfə gözləntiləriniz nədir?

- “Eurovision”da ikinci il də təmsil olunmaq arzumuz gerçəkləşdi. Məqsədimiz bu möhtəşəm şounun bir parçası olmaqdır. Biz ötən ilki təmsilçilikdən sonra çoxsaylı yeni fanatlar qazandıq və müsabiqədən sonra bizim mahnımız Avropada çox məşhur oldu. Qəlblərdə qalib olmaq üçün heç də həmişə müsabiqələrdə qalib gəlmək vacib deyil! “Eurovision”da iştirak bizim üçün çox önəmli idi, bu, möhtəşəm bir şoudur, biz çoxlu maraqlı insanlarla tanış olduq və Planet Jedwardı “Eurovision”a gətirmək çox həyəcanlı idi. Ən əsası, biz “Eurovision”da iştirakla böyük bir dəyişiklik gətirdiyimizə ümid edirik.

- Bakıdakı çıxışınıza necə hazırlaşırsınız? Səhnə geyimləriniz barədə nələr deyə bilərsiniz?

- Kostyumların dizaynı məsələsinə elə özümüz baxırıq. Keçən il bizdə çox da kostyum yox idi, amma bu il bir çox maraqlı seçimlərimiz olacaq. Biz istəyirik ki, hər şey məhz “Jedward” sayağı olsun. Məslən, Jedward sayağı şalvar, ayaqqabı, pencək...

- Müsabiqə tarixinə nəzər saldıqda məlum olur ki, İrlandiya bu möhtəşəm müsabiqədə ən çox qalib seçilən ölkə olub. Sizcə, bu uğurun səbəbi nədir?

- Çünki İrlandiyanı istənilən müsabiqədə təmsil edən hər bir nümayəndəmiz qarşısına məqsəd qoyur və bu istəyinə çatır. Biz isə İrlandiyanı iki dəfə bu mötəbər yarışda təmsil etmək şansı qazanmışıq. Dəfələrlə qalib olan bir ölkə təmsilçiləri olaraq biz əlimizdən gələni edəcəyik. Sevinirik ki, biz məhz “Eurovision”da ən çox qalib gələn ölkə olan İrlandiyanı təmsil edirik.

- Ötən il olduğu kimi, bu il də çox güman ki, əsas müzakirə mövzusu sizin saç düzümünüz olacaq. “Jedward”ın saçına nə qədər vaxt ayırdığını bilmək olarmı?

- Biz nəinki saç düzümümüzlə, hər şeyimizlə seçilirik. Bu il saçımız ötənilkindən də hündür olacaq. Günümüzün təxminən 10 dəqiqəsini saçımıza sərf edirik.

- “Eurovision” fanatlarınıza mesajınızı eşitmək istərdik.

- Biz Edvard və Con qardaşlarıyıq. Olduqca dəlisov, məzəli saç düzümünə malik olan əkiz qardaşlar yenidən “Eurovision” yarışmasına qayıdır. Ötən il bizə 12 xal verən hər kəsə təşəkkür edirik və ümidvarıq ki, bu il də onlar bizə 12 xal verəcəklər. Biz bu çıxışımızda daha yüksək səviyyəli performans sərgiləyəcəyik və ən önəmlisi, yarışmaya çoxlu əyləncə qatacağıq. Hər birinizə dəstəyinizə görə təşəkkür edirik. 10 gündən sonra Bakıda görüşənədək!
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR