Rustavi şəhərindəki gürcü orta məktəbi ilə Azərbaycan orta məktəb arasında Dostluq Memorandumu imzalanıb

Rustavi şəhərindəki gürcü orta məktəbi ilə Azərbaycan orta məktəb arasında Dostluq Memorandumu imzalanıb
# 20 iyun 2012 02:35 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə fəaliyyət göstərən “UNİON” gənclər təşkilatının təşəbbüsü və Kvemo-Kartli bölgə quberniyasının dəstəyi ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən 3 nömrəli Azərbaycan orta məktəbi ilə Rustavi şəhərindən gələn 4 nömrəli gürcü orta məktəbi arasında Dostluq Memorandumu imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “UNİON” gənclər təşkilatının rəhbəri Elmira Yusifova məlumat verib. Tədbirdə hər iki məktəbin müəllim və şagird kollektivi, quberniya rəsmiləri, qonaqlar və jurnalistlər iştirak edib. “Tədbirə qatılmaq üçün gələn Rustavi məktəblilərinə nəqliyyat vasitələrini Rustavi Şəhər Meriyası verib. 3 nömrəli Azərbaycan məktəbinin qonaqların qarşılanması prosesində həyata keçirilən dizayn işləri “Yeni HB” və AZEBİ şirkətlərinin, eyni zamanda “Konstanta Bank”ın maliyyə dəstəyi ilə hazırlanıb.” Tədbirdə Kvemo-Kartli bölgə quberniyasının regional inkişaf xidmətinin rəisi Nino Basilaşvili, Marneuli 3 nömrəli Azərbaycan orta məktəbinin direktoru Ruslan Hacıyev, Rustavi 4 nömrəli orta məktəbinin direktoru Mamuka Sixvadze və başqaları çıxış edərək Memorandumun imzalanmasının müsbət nəticə verəcəyini və gürcü və azərbaycanlı məktəblilər arasında dostluğun möhkəmləndirilməsinə səbəb olacağını bildiriblər. Hər iki məktəb kollektivi imzalanan Memorandumu vacib və tarixi sənəd adlandırıblar. Sonra şagirdlər gürcü və Azərbaycan dillərində şeir söyləyib, mahnılar oxuyub və rəqslər nümayiş etdirib. Şagirdlərin iştirakı ilə “Dostluq” diskotekası təşkil edilib. Tədbirdə “UNİON” gənclər təşkilatının rəsm dərnəyinin yetirməsi Fəridə Nazıyevanın rəsm əsərlərinin sərgisi də təşkil olunub.
Kvemo-Kartli bölgə quberniyasının regional inkişaf xidmətinin rəisi Nino Basilaşvili APA-ya açıqlamasında belə tədbirlərin Azərbaycan və gürcü şagirdləri arasında dostluğun inkişaf etdirilməsinə xidmət edəcəyini və Azərbaycanlı uşaqların Gürcüstan cəmiyyətinə inteqrasiyasının sürətlə gedəcəyini bildirib. “Biz belə tədbirləri tez-tez keçirmək istəyirik. Buna quberniya rəhbərliyi və məktəb direktorları da dəstək verir. Tədbirləri birlikdə təşkil edəndə mütləq bəhrəsini görürük. Dostluq tədbirləri şagirdlərimizin yaddaşına hopur, onlar böyüyüb gürcü ali məktəblərinə daxil olanda belə tədbirləri daha çox keçirirlər. Bu isə onların Gürcüstan cəmiyyətinə inteqrasiyası deməkdir.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR