Almaniyada Frankfurt Qaz Forumu keçiriləcək

Almaniyada Frankfurt  Qaz  Forumu  keçiriləcək
# 18 oktyabr 2012 06:54 (UTC +04:00)
Strateji Araşdırmalar Mərkəzi forumun akademik tərəfdaşıdır

Bakı-APA. Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində “Frankfurt Qaz Forumu” keçiriləcək. Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, forumun keçirilməsində məqsəd Avropada artan təbii qaz tələbatına sərmayələri dəstəkləmək və qaz infrastruktur layihələrinə tələbatı artırmaqdan ibarətdir.

Bu il forumda əsas diqqət Cənub Qaz Dəhlizinə, Azərbaycanda “Şah dəniz” yatağında olan qaz ehtiyatlarına və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiləcək.

“2012-ci il Frankfurt Qaz Forumu” Boru kəmərləri konsorsiumunu, dünyanın aparıcı qaz ticarəti üzrə liderlərini, Avropa Birliyi rəsmilərini, hökumət, maliyyə və sənaye sahəsi üzrə analitikləri, enerji mütəxəssislərini, beynəlxalq sərmayəçiləri və qaz infrastrukturu razılaşmalarını asanlaşdırmaq sahəsində fəaliyyət göstərən maliyyə institutlarını cəlb edəcək.

Avropanın enerji sahəsi üzrə müvəkkili Günter Otinger (Belçika), Avropa Birliyinin Azərbaycan Respublikası üzrə nümayəndə heyətinin rəhbəri Roland Kobiya, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Beynəlxalq Nabucco Qaz Boru kəmərlərinin icraçı direktoru Reinhard Mitçek (Vyana, Avstriya), BP-nin Şah dəniz layihəsi üzrə vitse-prezidenti Al Kuk (İngiltərə), “Xəzər dəniz Təchizat və Ehtiyatlar, Mərkəzi Asiya, Təchizat və Ticarət RWE GmbH Almaniya”-nın rəhbəri Volfqanq Piter, TAP layihəsinin rəhbəri Kjetil Tunqland, “Qazprom Eksport” şirkətinin “Müqavilə Təşkili və Qiymətin Formalaşdırılması” üzrə idarə heyətinin sədri Sergey Komlev (Rusiya) və digər məruzəçilərin çıxışları planlaşdırılır.

Strateji Araşdırmalar Mərkəzi bu əhəmiyyətli forumda akademik tərəfdaş qismində çıxış edəcək və Mərkəzin enerji məsələləri üzrə aparıcı elmi işçisi Gülmira Rzayeva tərəfindən təmsil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR