“Azərsu”nun işçiləri Türkiyədə təlim keçiblər

“Azərsu”nun işçiləri Türkiyədə təlim keçiblər
# 24 iyul 2012 13:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Əhalini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin etmək, həmçinin tullantı sularını tam təmizləyərək ekoloji cəhətdən ətraf mühitə ziyan vurmadan kənarlaşdırmaq məqsədilə “Azərsu” ASC-nin reallaşdırdığı layihələrdən biri içməli su və tullantı sularının tərkibinin müasir metodlarla öyrənilməsi məqsədi ilə yeni mərkəzi laboratoriyanın tikintisidir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, inşasına 2011-ci ilin oktyabrında başlanılmış və 2012-ci ilin sonuna qədər istismara veriləcək yeni laboratoriyada ABŞ, Almaniya və digər ölkələrin istehsalı olan ən son texnoloji avadanlıqlar quraşdırılacaq. Laboratoriyanın tikintisi ilə paralel həmin avadanlıqlarla işləyəcək mütəxəssislərin hazırlanması prosesinə başlanılıb. Bu məqsədlə “Azərsu” ASC-də çalışan 20 gənc mütəxəssis - mühəndis, kimyaçı-mühəndis və bioloq Türkiyənin İstanbul Su Kanal İdarəsi (İSKİ) ilə əməkdaşlıq çərçivəsində iyul ayında Türkiyəyə ezam olunublar. 3 həftəlik təlim müddətində “Azərsu” ASC-nin əməkdaşları İSKİ-nin sutəmizləyici və çirkab sutəmizləyici qurğularında olmuş, burada proseslərin gedişi barədə ətraflı bilgi əldə edib, İSKİ-nin mərkəzi laboratoriyasında analizlərin aparılmasında iştirak ediblər. Eyni zamanda laborator analizlərin aparılması, istifadə olunan cihazların iş prinsipi ilə bağlı Türkiyənin tanınmış professorları tərəfindən nəzəri mühazirələr təşkil olunub, həmçinin İSKİ-nin ən təcrübəli mütəxəsisləri tərəfindən treninqlər keçirilib, mütəxəssislərin istehsalat sahələri ilə əyani şəkildə tanış olması üçün lazımi şərait yaradılıb.

Təlim müddətində mütəxəssislər hazırda inkişaf etmiş ölkələrdə içməli suyun təmizlənməsində tətbiq olunan membran texnologiyası ilə analizlərin aparılması və suyun təmizlənməsi prosesləri ilə tanış olublar. İçməli su ilə yanaşı çirkab suların da müasir üsullarla təmizlənməsi texnologiyası ilə tanış olan azərbaycanlı mütəxəssislərə həmin suların təmizlənib zərərsizləşdirildikdən sonra suvarma, balıqçılıq sahələrində işlədilməsi təcrübəsi barədə də məlumat verilib. Təlim müddətinin sonunda “Azərsu” ASC-nin əməkdaşları uğurla imtahan veriblər.

“Azərsu” ASC-də təsdiq olunmuş Təlim Proqramına uyğun olaraq kadrların bilik və peşə təcrübəsinin artırılması məqsədilə əməkdaşların, xüsusən də gənc mütəxəssislərin xarici ölkələrə təlim kurslarına göndərilməsi davam etdiriləcək. Növbəti mərhələdə energetika və mexanika sahəsində çalışan işçilər İstanbul Su Kanal İdarəsində təlim kurslarına göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR