Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın vaxtlarda Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində Ağçay çayı üzərində inşa olunan körpü istifadəyə veriləcək.
«APA-Economics»in «Azəryolservis» ASC-yə istinadən verdiyi məlumata görə, 2012-ci ildə sel daşqınlarından və normadan artıq yüklənən ağır yüklü nəqliyyat vasitələrinin hərəkətindən qəza vəziyyətinə düşmüş Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 157-ci kilometrində Qaraçay, 177-ci kilometrində Quruçay, Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 89-cu kilometrində Qaraçay və Ağsu rayonu ərazisində R-8 (5 km) – Dilman-Xatman yolunun 1-ci kilometrində Ağsuçay üzərində körpülərin yerində yeni körpülərin tikintisi başa çatdırılıb: «Ötən il həmçinin, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində Ağçay çayı üzərində körpünün tikintisinə başlanılıb və yaxın vaxtlarda bu körpü istifadəyə veriləcək».
ASC-nin məlumatına əsasən, hazırda Yaraq Qazmalar (Rusiya)-«Samur» (Azərbaycan) sərhəd buraxılış məntəqəsində yerləşən «Samur» Baş Hidroqovşağındakı hidrotexniki qurğuların texniki vəziyyətinin yoxlanılması və sınaq işlərinin aparılması, habelə hidrotexniki qurğu üzərindəki avtomobil körpüsünün yenidən qurulmasının, Samur-Şirvanovka və Quxuroba-Şirvanovka-Zuxuloba avtomobil yollarının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinə başlanılması üçün hazırlıq işləri görülür.
Bununla yanaşı, hazırda Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı-Astara-İran sərhədi sahəsi üzrə işlər davam etdirilir, həmçinin Lənkəran-İran sərhədi hissələri üzrə işçi layihəsi hazırlanır və torpaqalınma əməliyyatları başa çatdırılır.
Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi üzrə, H.Z.Tağıyev-Sahil avtomobil yolu layihəsi üzrə, Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan sərhədi avtomobil yolunun Hacıqabul-Bəhramtəpə layihəsi üzrə, Hacıqabul-Kürdəmir avtomobil yolunun əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi işləri üzrə, Bakı-Şamaxı avtomobil yolunun 15-45 km hissəsinin əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi layihəsi üzrə, Yevlax-Gəncə avtomobil yolunun əlavə iki zolaq tikilməklə dörd zolağa genişləndirilməsi üzrə, Quba-Qusar avtomobil yolunun yenidən qurulması üzrə tikinti işləri davam etdirilir.