Bank Of Baku

Azərbaycan paytaxtının torpaq bazarında qiymətlər oktyabrda dəyişməz qalıb

Azərbaycan paytaxtının torpaq bazarında qiymətlər oktyabrda dəyişməz qalıb
# 21 noyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin torpaq bazarında qiymət indeksi 2008-ci ilin oktyabr ayında 0,5 bənd azalaraq 430,8 səviyyəsində qərarlaşıb. Ötən ay bazara təklif olunan ümumi 811 ha torpaq sahəsinin 76,8%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Bu barədə «APA-Economics»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən məlumat verilib.
Oktyabr ayında köhnə yaşayış evlərinin sökülməsi prosesi zəif gedib, boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam edib. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, böyük sənaye obyektlərinin şəhərdən kənara çıxarılmasına, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Bunun nəticəsində avqust ayında şəhərin bəzi - Nizami və Nərimanov rayonunun mərkəzə yaxın ərazilərində yeni boş torpaqlar meydana gəlib.
Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında bazarın digər seqmentlərinə müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Bazarda torpağın ekspozisiya müddəti sentyabrla müqayisədə 2,7% artaraq 189 günə çatıb. Yaranmış vəziyyət əsasən şəhərin mərkəzində boş torpaq sahələrinin məhdud səviyyəyə enməsi nəticəsində III və IV zonalarda torpaq sahələrinin bazara real dəyərindən baha təklif olunması və əksər torpaq sahələrinin hüquqi sənədlərinin olmaması ilə bağlıdır.
Sentyabr ayında Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlər demək olar ki, stabil qalıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 0,1% azalaraq 25 209 dollar/sot səviyyəsindən 25 185 dollar/sot səviyyəsinə enib.
Zonalar üzrə cüzi səviyyədə qiymət dəyişikliyi qeydə alınıb. Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsinə səbəb olub. Sentyabrla müqayisədə rayonlar üzrə ən çox qiymət artımı Suraxanı (4,2%), ən çox qiymət azalması isə Səbail (-2,2%) rayonlarında qeydə alınıb.
Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi yenə də Nərimanov rayonunda («Nərimanov» metro stansiyası yaxınlığında) - 480 min dollar/sot, ən ucuz torpaq sahəsi isə Əzizbəyov rayonunda (Türkan qəsəbəsində) - 600 dollar/sot - olub.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında ən aktiv rayonlar sırasına Binəqədi, Suraxanı və Nizami (sənaye obyektlərinin qalıqlarından təmizlənməsi və boş sahələr hesabına) rayonları başçılıq edir. Ən passiv rayon isə Nəsimi rayonudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR