Bank Of Baku

İsveçin «Scania» avtomobil şirkəti Azərbaycanda nümayəndəlik açıb

İsveçin «Scania» avtomobil şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 19 mart 2009 14:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın «ADO-G» Şirkətlər Qrupu ilə İsveçin «Scania CV Aktiebolag» avtomobil şirkəti arasında eksklüziv distribyutorluq müqaviləsi və «Scania» şirkətinin Azərbaycanda satış və servis üzrə nümayəndəliyinin açılmasına dair saziş imzalanıb. «APA-Economics»in məlumatına görə, sənədləri «ADO-G» Şirkətlər Qrupunun rəhbəri Musa Süleymanov və «Scania»nın prezidenti Leif Östlinq imzalayıb.
Tədbirdə çıxış edən M.Süleymanov bildirib ki, maliyyə böhranına baxmayaraq, iri xarici şirkətlər Azərbaycana maraq göstərir və buna nümunə «Scania»nın Azərbaycanda nümayəndəliyinin açılması ola bilər: «İnanıram ki, yaxın gələcəkdə nümayəndəliyin açılması Azərbaycan bazarına öz töhfəsini verəcək».
Tədbirdə çıxış edən «Scania» şirkətinin françayzinq və birbaşa satış üzrə icraçı vitse-prezidenti Martin Lundşten qeyd edib ki, hazırda Azərbaycanda fantastik sürətdə inkişaf müşahidə olunur: «Biz «ADO-G» Şirkətlər Qrupu timsalında Azərbaycanda tərəfdaş tapmışıq və bizim strategiyamız uzunmüddətli əməkdaşlıq etməkdir».
«Scania» şirkətinin fəaliyyət və imkanlarından danışan M. Lundşten həmçinin bildirib ki, ötən il ərzində şirkət 73 793 ədəd yük avtomobili və avtobus realizə edib: «Satışlar əsasən Avropada həyata keçirilib ki, bu regionda 67% avtomobil satılıb».
Qeyd edək ki, «ADO-G» Şirkətlər Qrupu 1998-ci ildə təsis edilib. Şirkət istehsalat, layihələndirmə, memarlıq, dizayn, smeta sənədlərinin hazırlanması, təchizat, inşaat, sahələri üzrə fəaliyyət göstərir.
Xatırladaq ki, «Scania» şirkəti 1891-ci ildən fəaliyyət göstərir. Şirkət əsasən yük avtomobilləri, avtobus, sənaye və dəniz mühərrikləri, hərbi maşınlar, yanğınsöndürmə maşınları və digər texnikanın istehsalı ilə məşğuldur. Hazırda şirkətin dünya üzrə 1 000-dən artıq satış mərkəzi və 1 500-ə yaxın xidmət mərkəzi fəaliyyət göstərir. «Scania»nın 2008-ci ildə dövriyyəsi 8,133 mlrd. avro, xalis ümumi mənfəəti 813 mln. avro təşkil edib. Hazırda şirkətdə 3,5 min nəfər işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR