Bank Of Baku

«Sumqayıtelektrikşəbəkə» yenidən «Azərsu»nun işığını kəsəcək

«Sumqayıtelektrikşəbəkə» yenidən «Azərsu»nun işığını kəsəcək
# 30 mart 2009 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsu» SC-nin «Sumqayıtelektrikşəbəkə» ASC-nin xidməti ərazisində yerləşən içməli su təchizatı müəssisələrinin enerji təchizatı yenidən dayandırılacaq. Bu barədə «APA-Economics»ə «Sumqayıtelektrikşəbəkə» ASC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Buna səbəb «Azərsu» tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin xeyli hissəsinin ödənilməməsidir. Elektrik enerjisindən istifadəyə görə «Azərsu» müəssisələrinin 2007-ci il ərzində 12 376,2 min manat, 2008-ci ildə 8 646,65 min manat, ümumilikdə isə 01.10.2002-ci ildən 01.03.2009-cu il tarixə kimi 46 638,17 min manat borcu yaranıb.
«Ötən iki il ərzində dəfələrlə edilmiş müraciətlərimizə baxmayaraq, «Azərsu»nun müəssisələri tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişi istiqamətində heç bir tədbir görülməyib və bunun nəticəsində «Sumqayıtelektrikşəbəkə» ASC-nin fəaliyyətində böyük maliyyə çətinlikləri yaranıb. Qeyd edilənlərlə əlaqədar olaraq, Nazirlər Kabinetinin 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»na əsasən, «Azərsu»nun müəssisələrinə elektrik enerjisinin verilişi aprelin 3-də saat 15:00-dan etibarən tam dayandırılacaq», - deyə «Sumqayıtelektrikşəbəkə» ASC-nin məlumatında bildirilib.
Səhmdar cəmiyyəti bildirir ki, Bakı, Sumqayıt və digər rayonlarda içməli və texniki su təchizatında yarana biləcək bütün problemlərə görə məsuliyyəti «Azərsu» SC daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR