Bank Of Baku

Osman Gündüz: “Elektron hökumət”lə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”

Osman Gündüz: “Elektron hökumət”lə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”
# 04 noyabr 2011 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Mərkəzin direktoru Osman Gündüz ölkədə elektron xidmətlərin tətbiqinin əsasları, məqsədləri və mövcud vəziyyətindən danışaraq qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən “elektron hökumət”in formalaşması sahəsində siyasi iradə ortaya qoyulub, “elektron hökumət” quruculuğu istiqamətində dövlət proqramları qəbul olunub, dövlət qurumlarının elektron xidmətlərinin təşkili ilə bağlı sərəncam imzalanıb.

O.Gündüzün sözlərinə görə, son illər ərzində ölkədə internet istifadəçilərinin və əhalinin evdə olan kompüterlərinin sayı artıb, dövlət qurumlarının informasiyalaşması istiqamətində xeyli işlər görülüb, dövlət informasiya sistemləri yaradılıb və ümumiyyətlə, ölkədə elektron xidmətlərə tələbat artıb. O, elektron xidmətlərin məqsədlərindən danışaraq bildirib ki, elektron xidmətlərin tətbiqi uzun müddət növbələrdə dayanmağın, tez-tez dövlət qurumlarına üz tutmağın qarşısı alır, vaxt itkisinə yol verilmir, şəffaflığın güclənməsinə və korrupsiya hallarının aradan qaldırılmasına köməklik edir, dövlət idarəetməsini effektiv və çevik edir: “Elektron formada göstəriləcək xidmətlərin siyahısı ümumiləşdirilərək hökumətə təqdim olunub, mərkəzi icra orqanlarının internet resurslarında elektron xidmətlər bölməsi yaradılır, hər bir dövlət qurumu öz standartları əsasında informasiya sistemini formalaşdırıb, “elektron imza” infrastrukturu yaradılır”.

Nöqsanlardan danışan O.Gündüz qeyd edib ki, mərkəzi icra orqanlarının “off-line” təqdim etdiyi xidmətlərin ümumi bir siyahısı yoxdur, dövlət qurumları tərəfindən hansı xidmətlərin hansı prinsiplər əsasında elektron formaya keçirmək üçün təqdim olunduğu və neçə faiz təşkil etdiyi məlum deyil: “Sərəncamda nəzərdə tutulan portal, onun strukturu və konsepsiyası haqqında hökumət sənədi hələ də ortalıqda yoxdur, elektron formaya keçidi əks etdirən bir keçid planı, “elektron hökumət”in formalaşması ilə bağlı konseptual bir sənəd hazırlanmayıb, “elektron hökumət” və ümumiyyətlə, informasiyalaşma ilə bağlı hər hansı koordinasiya qurumu formalaşmayıb, elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna çox ciddi ehtiyac var, şəffaflıq və informasiya mühiti yetərli deyil, “elektron hökumət”lə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”.

Tədbirdə məsələ ilə bağlı bir sıra tövsiyələr də səslənib. Bildirilib ki, dövlət və bələdiyyə qurumları tərəfindən təqdim olunan xidmətlərin inventarizasiyasının aparılması və ümumi bir siyahısının hazırlanması vacibdir. Hansı xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı hökumət tərəfindən tövsiyə xarakterli, prinsipləri əks etdirən bir göstəriş verilməsi məqsədəuyğun olardı: “Xidmətlərin elektron formaya keçirilməsi üçün keçid planı hazırlanmalı, burada mərhələlər öz əksini tapmalı, hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər və qurumlar ayrılmalıdır. Bütün prosesin konkret İKT şöbəsinə həvalə edilməsi düzgün yanaşma deyil. “İKT sahəsində xidmətlər, işlər, İKT avadanlıqları” adlanan büdcə xərcləri bölməsi yaratmaq düzgün olardı. Bakı şəhər İcra Hakimiyyəti və onun nəzarətində olan dövlət orqanlarının xidmətlərinin reyestrinin hazırlanması vacibdir. Elektron xidmətlərin təşkili ilə bağlı qanunun qəbulu daha faydalı olardı. Burada dövlət orqanlarında bu prosesin təşkili, xidmətlərin reqlamentləşdirilməsi prinsipləri, elektron portalın strukturu və xidmətin normal təqdim edilməsinə cavabdeh operatorlar müəyyən olunmalıdır. Əhali arasında maarifçilik işinin təşkili də vacibdir”.

Tədbir çərçivəsində dövlət qurumlarının və bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri arasında mövzu ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR