Bank Of Baku

Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Ofisində ilk tədbir keçirilib

Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Ofisində ilk tədbir keçirilib
# 14 noyabr 2011 15:23 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Avropa Potensialın Gücləndirilməsi üzrə Regional Ofislərinin və Regional Tədris Mərkəzlərinin 4-cü iclası, Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində isə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) üçün Strateji Planlaşdırma Seminarı işə başlayıb. Bu barədə “APA-Economics”ə DGK mətbuat xidmətindən məlumat verilib.

Potensialın Gücləndirilməsi üzrə Regional Ofisdə keçirilən tədbirə Azərbaycan, Macarıstan, Rusiya, Ukrayna və Qazaxıstan nümayəndələri, eləcə də Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri qatılıblar. İclasın açılış mərasimində ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze və DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov çıxış edərək bildiriblər ki, ofisdə ilk dəfə keçirilən tədbirdə məqsəd regionda potensialın gücləndirilməsi sahəsində qarşıda duran vəzifələri nəzərdən keçirmək, eləcə də ofisin maddi-texniki və təşkilati məsələlərini müzakirə etməkdir. Qeyd olunub ki, iclasda bu barədə geniş məlumat veriləcək, hər bir iştirakçı tərəfin fikir və təklifləri öyrəniləcək.

V.Mikeladze regionda ÜGT Potensialın Gücləndirilməsi fəaliyyətləri, regional prioritetlər və çağırışlar, Avropa regionunda potensialın gücləndirilməsi sahəsində Bakı ofisinin rolu barədə məruzə ilə çıxış edib. Məruzədə ofisin yaranma tarixinə toxunan V.Mikeladze bu işin 2009-cu ildən başlandığını vurğulayıb, nəhayət, region ölkələrinin qərarı ilə ofisin Bakı şəhərində təşkili həyata keçirilib. Belə ki, Avropa və Asiya arasında yerləşən Azərbaycanın paytaxtı coğrafi mövqeyinə görə daha əlverişli şəhər hesab edilib, ofisin burada fəaliyyət göstərməsi təkcə Avropa deyil, Asiya regionu ölkələrinin gömrük xidmətlərinin də əlaqələndirilməsi baxımdan məqsədəmüvafiq sayılıb. V.Mikeladze ofisin fəaliyyətinin səmərəli təşkil edilməsi üçün burada məlumat bazasının, ofisin internet səhifəsinin yaradılmasının və digər bu kimi tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra iclasda iştirak edən regional tədris mərkəzlərinin nümayəndələri potensialın gücləndirilməsi üzrə əldə etdikləri nailiyyətlərə dair hesabatlarla çıxış ediblər.

Qeyd edək ki, iclas işini noyabrın 16-dək davam etdirəcək.

ÜGT-nin Regional Tədris Mərkəzində keçirilən seminarın açılış mərasimində çıxış edən DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirib ki, hazırda ÜGT üzvü olan bütün ölkələrdə sözügedən qurumun Potensialın Gücləndirilməsi üzrə layihələri həyata keçirilir. Eyni zamanda Azərbaycanda da bu sahədə müvafiq işlər görülür. Seminarın məqsədi də bu işə töhfə vermək, Azərbaycan Gömrük Xidmətinin modernləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Ş.Bağırov qeyd edib ki, indiyədək ölkəmizdə gömrük xidmətinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər planı reallaşdırılmış, eləcə də hazırda gömrük sisteminin 2007-2011-ci illər ərzində inkişafına dair Dövlət Proqramının icrası başa çatmaq üzrədir. Bu gün isə ilk dəfədir ki, ÜGT-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan DGK üçün Strateji Plan layihəsinin hazırlanması qərara alınıb. Bu işdə DGK-nın gömrük xidmətinin modernləşdirilməsi ilə əlaqədar strukturlarının mütəxəssislərinin də yaxından iştirakının vacib olduğunu diqqətə çatdıran Ş.Bağırov seminar iştirakçılarını fəal olmağa, rəy və təkliflərini bildirməyə çağırıb.

Öz növbəsində ÜGT nümayəndəsi xanım Bistra Teodosiyeva qeyd edib ki, onun məqsədi seminar iştirakçılarına təlim keçmək yox, məhz sözügedən Strateji Plan layihəsinin hazırlanmasında yerli həmkarları ilə sıx və işgüzar şəraitdə birgə müzakirələr aparmaqdır. O, Azərbaycan Gömrük Xidmətinin son illər ərzində sürətli inkişaf yolu keçdiyini vurğulayaraq, DGK-nın beynəlxalq standartlara cavab verən qurum kimi daha çox formalaşdırılması işində Strateji Planın mühüm rol oynayacağını bildirib.

Seminarda mövzu ətrafında ÜGT və DGK mütəxəssislərinin məruzələri dinlənilib. Seminar işini noyabrın 18-dək davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR