Bank Of Baku

«Aztelekom» özəl internet-provayder şirkətlərini ölkənin ucqar yerlərində fəaliyyət göstərməyə çağırır

«Aztelekom» özəl internet-provayder şirkətlərini ölkənin ucqar yerlərində fəaliyyət göstərməyə çağırır
# 15 noyabr 2011 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın sabit rabitə şəbəkəsinin ən böyük milli operatoru olan «Aztelekom» İstehsalat Birliyi ölkənin ucqar yerlərinin genişzolaqlı internetlə təmin edilməsi məqsədilə ölkədə fəaliyyət göstərən özəl internet-provayder şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

«Aztelekom»dan «APA-Economics»ə verilən məlumata görə, hazırda genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürəti günün tələbləri səviyyəsində deyil. Özəl internet-provayderlər ucqar yerlərdə işləməyə o qədər də həvəs göstərmir, «Aztelekom.net»in isə bütün regionlarda bu problemi qısa müddətdə həll edə bilməsi real deyil.

Məhz bu problemin aradan qaldırılması üçün «Aztelekom»da regionlarda xidmət göstərmək potensialına malik olan özəl internet-provayder şirkətləri ilə görüş keçirilib. Görüş zamanı «Aztelekom»un baş direktoru Məhəmməd Məmmədov özəl internet-provayderləri ucqar yerlərdə işləməyə dəvət edərək, onlara bütün şəraitin yaradılacağını qeyd edib və genişzolaqlı internetə olan tələbatın bütün ucqar yaşayış məntəqələrində də ödənilməsinin sürətləndirilməsi üçün İB-in mövcud infrastruktur elementlərindən təmənnasız yararlana biləcəklərini vurğulayıb. Regionlarda infrastrukturun inkişafı üzrə investisiya qoyuluşu həyata keçirəcək özəl müəssisələr üçün isə daha əlverişli fəaliyyət şəraitinin yaradıla biləcəyi bildirilib.

Bu istiqamətdə aparılan müzakirələrin nəticəsində özəl internet-provayderlər və «Aztelekom» İB-nin mütəxəssislərinin iştirakı ilə işçi qrupun yaradılması və ilkin şərtlər razılaşdırıldıqdan sonra müzakirələrin davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR