Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində canlanma davam edir

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində canlanma davam edir
# 24 yanvar 2012 12:31 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlaka dair hüquqların qeydiyyatının sadələşdirilməsi, bu prosesdə süni maneələrin aradan qaldırılması və şəffaflığın artırılması istiqamətində həyata keçirilən tədbirlər Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrində də daşınmaz əmlakın qeydiyyatının kəskin artmasına səbəb olub. ƏMDK-dən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 1,5 dəfə artıb.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstəricilər ilk 11 ayda həm əmlakın qeydiyyatı, həm də sənədləşdirilməsi sahəsində 2010-cu ilin eyni dövrünə nisbətən ciddi artımdan xəbər verir. Bu dövr ərzində müşahidə olunan digər tendensiya regionlarda qeydiyyat və əmlakın rəsmiləşdirilməsinin böyük sürətlə genişlənməsidir.

Belə ki, 2011-ci ilin noyabr ayında Azərbaycanda 11 454 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb ki, bu ötən ilin noyabrına nisbətən 70% çoxdur. Noyabrda aparılan qeydiyyatın 3 637-si ilkin (31,8%), 7 817-si (68,2%) təkrar qeydiyyata aiddir. Əvvəlki ilin noyabrına nisbətən ilkin qeydiyyat 87%, təkrar qeydiyyat isə 63% artıb.

Noyabr ayında 10 476 əmlaka texniki pasport, 9 201 müayinə aktı tərtib edilib, 115 yüklülük, 1 500 ipoteka qeydə alınıb. Ötən ay məhdudlaşdırmaya dair 6 912 arayış, əhaliyə xidmətlə bağlı isə 1 236 müxtəlif arayışlar verilib. Ötən ilin noyabrına nisbətən texniki pasportlar 80%, yüklülük 2,1 dəfə, müayinə aktları 83%, məhdudlaşdırmaya dair arayışlar 46% artıb.

Noyabrda mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 2 395-i fərdi yaşayış və bağ evi, 4 031-i mənzil, 4 319-u torpaq sahəsi, 291-i qeyri-yaşayış binası, 305-i qeyri-yaşayış sahəsi, 59-u əmlak kompleksi, 50-si çoxillik əkmə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub.

Bu ilin əvvəlki aylarında olduğu kimi, noyabrda əmlakın qeydiyyatı 2010-cu ilin eyni dövrünün göstəricilərini kəskin şəkildə üstələyir. Bəzi əmlak növləri üzrə qeydiyyatın artımı 2 dəfədən çox olub. Qeyri-yaşayış sahələrinin qeydiyyatı 2,3 dəfə, qeyri-yaşayış binalarında 2 dəfə, torpaq sahələrində 91%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 70%, mənzillərin özəlləşdirilməsi 50% artıb, çoxillik əkmələrin qeydiyyatı 7,4% azalıb.

Ümumilikdə, 2011-ci ilin ilk 11 ayında ölkədə 134 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 55,3% artıqdır. Qeydiyyatdan keçən əmlakın 48 288-i (36,1%) ilkin, 85 553-ü (63,9%) təkrar qeydiyyatdan keçib. İlkin qeydiyyat 83,2%, təkrar qeydiyyat 43% artıb.

Hesabat dövründə tərtib olunan texniki pasportların sayı 62%, yüklülük 2,9 dəfə, məhdudlaşdırmaya dair arayışlar 50%, müayinə aktı 71% artıb, ipoteka qeydiyyatı 1,7%, əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar 3,5% azalıb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 29 763-ü fərdi yaşayış və bağ evi, 48 356-ı mənzil, 47 404-ü torpaq sahəsi, 3 894-ü qeyri-yaşayış binası, 2 866-sı qeyri-yaşayış sahəsi, 797-si əmlak kompleksi, 727-si çoxillik əkmə, 34-ü isə çoxmərtəbəli yaşayış binaları olub.

Yanvar-noyabr aylarında əmlakın qeydiyyatında regionların payı 62,5% təşkil edib. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi regionlarda aparılır. Yanvar-noyabr aylarında regionlarda qeydiyyatdan keçən çoxmərtəbəli binaların sayı Bakıdakından artıq olub (34 binadan 15-i regionlarda qeydə alınıb). Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.

Texniki pasportların 69%-i, ipoteka müqavilələrinin 53,9%-i, məhdudiyyət arayışlarının 70,4%-i, əhaliyə xidmətlə bağlı arayışların 65,4%-i, tərtib edilən müayinə aktlarının 75,6%-i regionların payına düşür.

Yanvar-noyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 ərazi idarəsinin hamısında daşınmaz əmlakın qeydiyyatının artımı müşahidə edilib. Regionlarda əmlakın qeydiyyatı daha çox artıb. Belə ki, əvvəlki ilin eyni dövrünə nisbətən Bakıda əmlakın qeydiyyatı 36,8% artdığı halda, regionlarda artım 68,9% təşkil edib. Ən çox artım Beyləqan (2,3 dəfə), Şamaxı (2,2 dəfə), Qəbələ (2,2 dəfə) və Tovuzda (2 dəfə) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR