Bank Of Baku

Azərbaycanda avtomobillərin rənginin dəyişdirilməsinə 25 manat tələb olunur

Azərbaycanda avtomobillərin rənginin dəyişdirilməsinə 25 manat tələb olunur
# 24 yanvar 2012 14:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda avtomobillərin rənginin dəyişdirilməsi proseduru mövcud qanunvericiliyə əsasən bir gün ərzində və 25 manat ödəniş müqabilində həyata keçirilməlidir. Bu barədə «APA-Economics»ə Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, avtomobilin rəngi dəyişdirilərkən onun həm qeydiyyat şəhadətnaməsində, həm də texniki uçot kartında qeydiyyat, yəni dəyişiklik aparılmalıdır. Bu dəyişiklik isə avtomobilin rəngləndiyi təmir müəssisəsinin verdiyi arayış əsasında aparılır.

Arayışda avtomobilin əvvəlki və indiki rəngləri barədə məlumat verilir və rənglənmənin burda aparıldığı göstərilir: “Həmin arayış nəqliyyat vasitəsi ilə birlikdə təqdim olunmalıdır, yəni arayışla birlikdə avtomobilə də baxış keçirilir”. Bundan sonra avtomobilin uçot göstəriciləri üzrə həm qeydiyyat şəhadətnaməsində, həm də reyestrdə müvafiq qeydiyyat aparılır: “Bu o məqsədlə edilir ki, sabah bir hadisə baş verəndə belə rəngli avtomobillərin siyahısında barəsində danışılan maşın da olsun”.

K.Əliyevin sözlərinə görə, bu proses üçün ümumilikdə 25 manat tələb olunur: “Qeydiyyat haqqı 10 manatdır, əgər həmin şəxs qeydiyyat şəhadətnaməsinin də dəyişdirilməsini istəyərsə, buna görə əlavə 15 manat ödəməlidir”. Bundan başqa, əgər bu əməliyyat zamanı məlum olsa ki, avtomobilin sahibi həmin il üçün yol vergisini ödəməyib, onda yol vergisini də ödəməli olacaq.

“Bundan başqa prosedur və ödəmələr yoxdur” - deyən DYP nümayəndəsinin sözlərinə görə, bütün prosedur bir gün ərzində başa çatmalıdır. Avtomobillərin rənginin dəyişdirilməsi ilə bağlı rəsmiləşdirməni ərazi üzrə regional-qeydiyyat-imtahan və texniki baxış şöbələrində etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR