Bank Of Baku

Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemləri yenidən qurulacaq

Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemləri yenidən qurulacaq
# 12 aprel 2012 14:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı sistemlərinin bir hissəsinin yenidən qurulması üzrə keçirilmiş beynəlxalq tenderə yekun vurulub.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tenderdə “Azərsutəchizattikinti” ASC qalib elan edilib. Bununla əlaqədar “Azərsu” ASC ilə “Azərsutəchizattikinti” ASC arasında podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıqlara başlanılıb.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyətinin 15-25 aprel tarixlərində ölkəmizə gözlənilən səfəri çərçivəsində bu layihələr üzrə təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Qusar, Xaçmaz və Xızı şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri tamamilə yenidən qurulacaq. Tikinti-quraşdırma işlərinin 2013-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 10 şəhər və rayon mərkəzində (Salyan, Şirvan, Neftçala, Bərdə, Xaçmaz, Yevlax, Naftalan, Xızı, Qusar və Qobustan) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə dair kredit sazişi 29 may 2009-cu il tarixdə imzalanıb və sazişə əsasən Yaponiya tərəfi 10 şəhər və rayon mərkəzində görüləcək işlərə 38 mlrd. yapon yeni (təqribən 400 mln. ABŞ dolları) kredit ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR