Bank Of Baku

Yaxın iki ildə Azərbaycanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı 1 mln-a çatdırılacaq

Yaxın iki ildə Azərbaycanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı 1 mln-a çatdırılacaq
# 25 aprel 2012 09:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyində Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi (RİMHİRK) Bakı-1 şöbəsinin III konfransı keçirilib.

«Aztelekom»dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən «Aztelekom»un baş direktoru Məhəmməd Məmmədov son illər ölkədə rabitə və informasiya texnologiyaları sahəsində aparılmış islahatlar barədə məlumat verərək bildirib ki, MDB ölkələri arasında birinci olaraq 2008-ci ildə məhz Azərbaycanda ölkənin bütün yaşayış məntəqələrinin tam telefonlaşdırılması və 2010-cu ilin sonunda ölkənin rabitə şəbəkəsinin əsasını təşkil edən kommutasiya avadanlıqlarının yeni elektron avadanlıqlarla əvəz olunması başa çatdırılıb.

M.Məmmədov qeyd edib ki, 2011-ci ildə bütün rayon mərkəzlərinin kabelləşdirilməsi, rəqəmsallaşdırılması başa çatdırılıb, 2012-ci il üçün «Aztelekom»un fəaliyyət planında əsas hədəf isə elektron ATS-lər olan bütün kəndlərin optik kabel vasitəsilə transmissiyasının təşkilidir: «Məhz ona görə ölkədə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi diqqət mərkəzindədir. Hazırda Azərbaycan kəndlərinin optikləşdirilməsi, bütün ölkə üzrə genişzolaqlı internetin inkişafı, eləcə də yalnız «Aztelekom» İB-nin şəbəkəsində genişzolaqlı internet istifadəçilərinin sayının 500 minə çatdırılması nəzərdə tutulur. Özəl provayderlərin də bu sahədə çalışdığını nəzərə alsaq, onlarla birlikdə 2013-2014-cü illərdə Azərbaycanın bölgələrində genişzolaqlı internet istifadəçilərinin sayı 1 mln-a çatdırılması nəzərdə tutulur. Bu da artıq hər bir ailəyə genişzolaqlı internet xidmətindən istifadə etmək imkanının yaradılması deməkdir».

M.Məmmədov onu da bildirib ki, əgər 2004-cü ildə «Aztelekom»un illik gəliri 50 mln. manat təşkil edibsə, 2011-ci ildə bu göstərici 130 mln. manata çatıb.

Konfransda çıxış edən RİMHİRK-ın sədri Seymur Orucov inkişaf edən cəmiyyətdə Həmkarlar İttifaqı təşkilatlarının rolundan danışaraq, «Aztelekom» İB Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirib.

RİMHİRK-ın Bakı-1 şöbəsinin sədri Bəylər Qurbanov şöbənin 2005-2012-ci illər ərzində gördüyü işlərin hesabatı ilə çıxış edib. O, ötən müddət ərzində müxtəlif ictimai, mədəni tədbirlərə ümumilikdə 94 340 manat məbləğində vəsait sərf olunduğunu bildirib: «Həm milli, həm də dini bayramlarımızda, o cümlədən Yeni il, Novruz bayramlarında kollektiv üzvlərinə yardımlar edilib, bütün şöbələrə işçilərin sayına uyğun olaraq bayram sovqatları düzəldilib və bayramı yüksək əhval-ruhiyyə ilə keçirmək üçün kollektiv ziyafətlər təşkil edilib».

B.Qurbanov onu da bildirib ki, Həmkarlar Komitəsinin qərarı ilə müəssisədə çalışan qaçqın, məcburi köçkün və son dərəcə imkansızlara əlavə maddi yardımlar göstərilir, rayonların erməni mənfurları tərəfindən işğalı günündə həmin rabitəçilərlə hər il görüşlər keçirilir, onlara maddi və ya ərzaq malları ilə yardımlar edilir: «Belə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tədbirlər Planında da öz əksini tapdığından, onlarla görüşlər daim nəzarətdə saxlanılır. Nazirliyin Tədbirlər Qrafikinə əsasən rabitəçi-məcburi köçkünlərə 1 363 878 manatlıq yardımlar göstərilib».

Sonra RİMHİRK Bakı-1 şöbəsinin təftiş komissiyasının hesabatı dinlənilib, sədrin və təftiş komissiyasının hesabatlarına qiymət verilib. B.Qurbanov yekdilliklə yenidən Bakı-1 şöbəsi sədri seçilib, Rəyasət Heyətinin, təftiş komissiyasının və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Konfransına nümayəndənin seçilməsi üçün ayrı-ayrılıqda səsvermə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR