Bank Of Baku

Azərbaycanda telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma xidmətləri elektronlaşdırılıb

Azərbaycanda telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma xidmətləri elektronlaşdırılıb
# 02 may 2012 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» prezident fərmanının icrası ilə əlaqədar Prezident Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «Elektron xidmət növlərinin siyahısı» yenidən işlənib və Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda, bu il ərzində RİTN və onun tabeliyindəki müəssisələrin rəsmi internet ehtiyatlarında yaradılan «elektron xidmət» bölmələrinin texniki, təhlükəsizlik və tərtibat baxımından təkmilləşdirilməsi davam etdirilib.

Belə ki, Nazirliyin tabeli qurumları tərəfindən telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma, dövri mətbuata internet-abunə xidmətlərinin göstərilməsi ilə bağlı müraciətin və tələb olunan sənədlərin elektron formada qəbulu və bu xidmətlərə görə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi üçün elektron ödəmə sistemlərinə inteqrasiya təmin edilib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»na əsasən, RİTN və onun tabeliyindəki qurumlar tərəfindən göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri hazırlanıb.

Bu ilin I rübü ərzində dövlət orqanlarının «elektron hökumət şlüzü» və «elektron hökumət portalı»na qoşulması üzrə tədbirlər davam etdirilib. Beləliklə, qeyd olunan dövrdə «elektron hökumət şlüzü»na qoşulmuş qurumların sayı 16-ya, onların «elektron hökumət portalı»nda yerləşdirilmiş elektron xidmətlərinin sayı isə 56-ya çatdırılıb.

Həmçinin, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Bakı ofisi arasında «Elektron hökumət» təlim tədris mərkəzinin yaradılması» qrant layihəsinin həyata keçirilməsi ilə bağlı protokol imzalanıb və müvafiq işlərə başlanılıb.

Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, elektron xidmətlər reyestrinin formalaşdırılması təmin edilib. Mərkəzi icra hakimiyyəti orqanlarının müraciətlərinə uyğun olaraq, 14 qurumun 83 elektron xidməti qeydə alınaraq reyestrin məlumat bazasına daxil edilib və bu istiqamətdə işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR