Bank Of Baku

«Windows Phone» telefonlarında Azərbaycan dilində əlavələrin istifadəsinə başlanılır

«Windows Phone» telefonlarında Azərbaycan dilində əlavələrin istifadəsinə başlanılır
# 31 oktyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaxın vaxtlarda bütün dünyada «Windows Phone» telefonlarında Azərbaycan proqramçıları tərəfindən yazılmış telefon əlavələrini (Apps) yükləmək və onlardan istifadə etmək mümkün olacaq. Artıq bir neçə həftədən sonra yerli proqramlar «Windows Phone»ların əlavələr bazasında – «Marketplace»də yerləşdiriləcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə «Hackathon Azerbaijan» layihəsi çərçivəsində keçirilən «Windows Phone» müsabiqəsinin yekunlarına həsr olunmuş tədbirdə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «Hackathon Azerbaijan» layihəsinin təşkilatçılığı, həmçinin «Microsoft Azerbaijan» və «Nokia» adından şirkətin ölkəmizdəki rəsmi nümayəndəsi «MobiTel» şirkətinin dəstəyi ilə keçirilən müsabiqədə gənc proqramçılar «Windows Phone» telefonları üçün ən faydalı və maraqlı əlavələr (apps) hazırlamağa çalışıblar.

Sentyabrın ortalarında başlamış müsabiqə çərçivəsində gənc proqramçılar «Windows Phone» telefonları üçün müxtəlif sahələri və janrları əhatə edən əlavələr hazırlayıblar. Burada döyüş və digər oyunlar, xəbər saytlarının oxunması üçün proqramlar, lüğətlər və s. proqramlar yer alıb. Maraqlıdır ki, xəbər saytlarının oxunması üçün proqramlardan biri APA İnformasiya Agentliyinin xəbərlərinin oxunması üçün nəzərdə tutulub. Müsabiqədə iştirak edənlər arasında professional proqramçılarla yanaşı, 2 universitet tələbəsi, müxtəlif dövlət orqanlarının əməkdaşları, hətta 10-cu sinif şagirdi də olub.

Müsabiqədə www.azerdict.com internet-resurs bazasından istifadə edərək on-line tərcüməçi xidməti göstərən «Aztionary» əlavəsi, «TwinsLand» oyunu və xəbər saytlarının oxunması üçün nəzərdə tutulan proqram qalib gəlib.

«Microsoft Azerbaijan»ın baş meneceri Rüfət Hacıəlibəyov «APA-Economics»ə bildirib ki, bu layihə istehlakçıların «Windows Phone»lardan istifadənin faydasını artırmaqla yanaşı, gənc proqramçıların inkişafına da kömək edəcək. R.Hacıəlibəyovun sözlərinə görə, müsabiqə çərçivəsində təqdim olunan əlavələrin «Windows Phone»ların əlavələr bazasında – «Marketplace»də yerləşdirilməsi ilə bağlı işlərə başlanıb: «Yaxın vaxtlarda bu əlavələr «Marketplace»də yerləşdiriləcək və dünyanın istənilən yerində «Windows Phone» istifadəçiləri Azərbaycan proqramçılarının hazırladığı əlavələri yükləyə biləcəklər».

Qeyd edək ki, MDB ölkələri arasında artıq Rusiya və Ermənistan proqramçılarının əlavələri «Marketplace»də yerləşdirilib.

«Mobitel» şirkətinin kommersiya direktoru Cümşüd Əliyev «APA-Economics»ə bildirib ki, Azərbaycan dilində əlavələrin hazırlanması və istifadəsi istehlakçıların «Windows Phone»lardan daha səmərəli istifadəsinə və onların imkanlarından faydalanmasına imkan verəcək: «Hazırda «Windows Phone» istifadəçilərinin bir hissəsi onun imkanlarından gətirə biləcəyi faydalardan xəbərsizdir, belə proqramların olması bu sahədə istehlakçıların maariflənməsinə də böyük dəstək verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR