Bu gün səhər saatlarında Azərbaycanın şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində yeddi nöqtədə, Kərimli avtomobil yolunda isə bir nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “APA-Economics”ə verilən məlumata görə, dərhal qeyd olunan ərazilərə AAYDA-nın xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub. Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.