Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2021-ci ilin yanvar-sentyabr ayları ərzində yerinə yetirilmiş işlər barədə məlumat yayıb.
"APA-Economics"in AAYDA-ya istinadən verdiyi məlumata görə, hesabat dövründə 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib. Belə ki, cari ilin doqquz ayında respublika əhəmiyyətli – 103,5 km, yerli əhəmiyyətli – 312,5 km, Bakı şəhər üzrə isə 124 km avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib.
2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib. Bunlardan 4-ü "Zəfər yolu" üzərində, 4-ü isə İsmayıllı rayonunda inşa edilib.
Hesabat dövründə Bakı şəhərində iki yeni yerüstü piyada keçidi inşa edilib. Belə ki, Qala-Pirallahı avtomobil yolunun 3,6 km-də uzunluğu 76,7 metr, Ziya Bünyadov prospektində isə 90 metr uzunluğunda yerüstü piyada keçidi tikilib.
Yanvar-sentyabrda ümumi uzunluğu 138,3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb. Bunlardan uzunluğu 38 km olan Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolu, 41 km uzunluğunda Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu, 11 km uzunluğunda Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu, uzunluğu 5 km olan Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu, Qusar rayonunda 12,5 km uzunluğunda Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu, İsmayıllı rayonunda uzunluğu 13 km olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu, Salyan rayonunda 15,3 km uzunluğunda Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu, Şabran rayonunda 2,5 km uzunluğunda Padar avtomobil yolu tikilib.
Həmçinin, Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61,68 km uzunluğunda 10 kənd yolunun yenidən qurulması işləri həyata keçirilib, Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1,3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb, Vətən müharibəsi dövründə Goranboy rayonunda 17,7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1,5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib.
Hesabat dövründə 16 kəndlərarası avtomobil yolu layihəsinin, Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.
2021-ci ilin 9 ayı ərzində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı), M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), Bakı şəhəri, Xətai rayonunda "Ağ şəhər" layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47,2 km), Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi, Susay-Xınalıq avtomobil yolunun tikintisi (34,8 km), Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 693 yol nişanı, 6 927 siqnal dirəyi, 2 328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1 301,7 min kvadrat metr həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 055 p/m əyrixətli tirlər, 65 p/m beton bordür, 177 p/m mühafizə çəpəri, 20 işıq dirəyi, 15 yol nişanı, 4 məlumat lövhəsi, 3 dayanacaq, 18 səsboğucu lövhə, 1 hidravlik baryer və mühərriki, 164 kvadrat metr alkapon üzlük, 25 m körpü məhəccəri yararsız hala düşüb.
Hesabat dövründə AAYDA-nın “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib