Azərbaycan “AirBus Defence and Space” şirkəti ilə uzunmüddətli əməkdaşlığı olan ölkədir.
“APA-Economics” xəbər verir ki, bunu “AirBus Defence and Space” şirkətinin Kosmik sistemlər üzrə xarici kommunikasiyanın rəhbəri Ralf Henrix bildirib.
Onun sözlərinə görə, “AirBus Defence and Space” şirkəti həm kommersiya aviasiyası, həm də kosmos sahələrində ölkəmizlə 10 illik tərəfdaşlığa malikdir.
“Azərbaycanın milli peyk operatoru olan “Azərkosmos” “Airbus” şirkətinin istehsalı olan “Azersky/SPOT-7” peykini idarə edirdi. Əməkdaşlığımız peyk görüntüləri sahəsində və qarşılıqlı potensial maraq doğuran digər sahələrdə davam edir”, - deyə Ralf Henrix vurğulayıb.
Qeyd edək ki, 2014-cü il iyunun 30-da Azərbaycanın orbitə çıxarılan “AzerSky1” peykini Fransanın “AirBus Defence and Space” şirkəti hazırlamışdı. Peyk dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırmışdı. “Azərkosmos”un yaydığı məlumatda “Azersky” peykinin kommersiya fəaliyyətinə başladığı tarixdən cari ilədək (sıradan çıxan müddətədək) 105 milyon manat gəlir əldə olunduğu, həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə olaraq 150 mln. manat dəyərində peyk təsvirləri verildiyi bildirilmişdi.
Xatırladaq ki, Azərbaycanın 2-ci müşahidə peyki, “Azersky2”ni İsrailin “Israel Aerospace Industries” şirkəti istehsal edəcək.