Azərbaycanda ortamüddətli xərclər çərçivəsi potensialının gücləndirilməsi proqramının (MTEF CBP) həyata keçirilməsinə dair Dünya Bankı ilə müzakirələr aparılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, müzakirələrdə Dünya Bankının nümayəndələri - İdarəetmə üzrə baş mütəxəssis və tapşırıq qrupunun rəhbəri İan Hokesvorz, Dövlət idarəçiliyi üzrə baş mütəxəssis Robin Van Kipperluis, İsveçrə İqtisadi Əməkdaşlıq Qurumunun (SECO) eksperti Benedikt Brauman iştirak ediblər.
Görüşdə Mərkəzin icraçı direktoru Vüsal Qasımlı ölkədə ortamüddətli xərclər çərçivəsinin tətbiqinə Strateji Yol Xəritəsinin hədəf indikatorlardan biri olaraq başlanılması, fiskal dayanıqlılığının təmin edilməsi istiqamətində qəbul edilən qanunlar və fiskal qaydalar barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Mərkəzin rolu, həyata keçirdiyi fəaliyyətlər, monitorinq və qiymətləndirmə ekosisteminin strateji planlaşdırmaya töhfəsi, həmçinin, bu proseslərdə kommunikasiyanın əhəmiyyəti və potensial quruculuğu üzrə görülən işlər haqqında danışıb.
Görüşdə İan Hokesvorz iqtisadi islahatların idarə olunması, icra prosesinin təmin edilməsi və strateji idarəetmənin tətbiqində ortamüddətli xərclər çərçivəsinin əhəmiyyətini vurğulayıb.