Son geosiyasi hadisələri nəzərə alaraq Orta nəqliyyat dəhlizinin strateji əhəmiyyəti artmaqdadır və artacaq.
"APA-Economics" xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Şandonq Port Qrupun İdarə Heyətinin Sədri və Baş Direktoru cənab Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, Bakı Limanının yerləşdiyi məkan çox stratejidir, onun 1 min kilometrlik radiusunda 140 mln. əhali yaşayır.
"Bir qovşaq olaraq bütün bu 140 mln. əhalinin logistik xidmətləri məhz buradan həyata keçiriləcək", - Taleh Ziyadov qeyd edib.
Taleh Ziyadovun sözlərinə görə, son illərdə regionda baş verən yeniliklər, xüsusən də 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar Orta dəhliz üçün yeni imkanlar açır və perspektivlər yaradır.