İnklüziv Sosial-İqtisadi Artım və İnsan İnkişafının Təşviqi üzrə birinci Nəticələr Qrupunun prioritetləri çərçivəsində BMT-nin yeni Əməkdaşlığa dair Çərçivə Sənədi üzrə bu il üçün ümumi resurs tələbatı 3,67 milyon ABŞ dollarını ötür.
“APA-Economics” xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə proqram rəhbəri Anna Soave BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə İstiqamətləndirici Komitəni iclasında deyib.
O bildirib ki, bu məbləğin 1,67 milyon ABŞ dolları həcmində hissəsi hazırda mövcuddur ki, bunun da 500 min ABŞ dolları fəaliyyətlərin icrasını və prioritetlərin həyata keçirilməsini dəstəkləmək məqsədilə Azərbaycan hökuməti tərəfindən bu il üçün ayrılıb.
Anna Soave qeyd edib ki, Müştərək İş Planı çərçivəsində nəzərdə tutulan bütün fəaliyyətlərin həyata keçirilməsi üçün qalan resursların səfərbər olunması istiqamətində BMT agentlikləri və hökumət tərəfdaşları ilə birgə işləməyə ümid edir.