İki ilə yaxındır ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun qurulması istiqamətində müzakirələr gedir. Turizm zonası olduğu üçün bu yolun genişləndirilməsi vacibdir.
APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində Dövlət Ekoloji Ekspertiza İdarəsinin sədri Mirsalam Qənbərov deyib.
Onun sözlərinə görə, təxminən 77 km uzunluğunda olan yolun keçdiyi ərazidə aparılan ilkin monitorinqlərə görə müəyyən edilib ki, yolun 26.6 hektarı meşə, 5.1 hektarı xüsusi mühafizə olunan, 20 hektardan bir qədər artığı isə bələdiyyə torpağıdır.
"Yol hissəsinə düşən ağacların köçürülmə vaxtları kimi məsələlər, eyni zamanda meşə fonduna düşən zərərin əvəzlənməsi üçün layihədə ərazi ayrılması nəzərdə tutulub", - deyə o qeyd edib.