Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyul ayı ilə müqayisədə 16,9% azalaraq 285 ədəd təşkil edib.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 93%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, avqust ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 6 domen və 16 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 12 hesabat təqdim edilib.
Ümumilikdə, cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2 824 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 95,6%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 108 hesabat təqdim edilib. Yanvar-avqust ayları ərzində Azərbaycanın internet seqmentində 39 domen və 73 subdomen qeydiyyata alınıb.