Bank Of Baku

Eyüp Vural Aydın: Dünyada infrastruktur investisiyaları üzrə 49 trilyon dollarlıq maliyyə ehtiyacı var

İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (Istanbul PPPCOE) sədri Eyüp Vural Aydın

© APA | İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (Istanbul PPPCOE) sədri Eyüp Vural Aydın

# 17 iyun 2026 15:47 (UTC +04:00)

Qlobal miqyasda infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün təxminən 49 trilyon ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulur.

APA xəbər verir ki, bunu İstanbul Dövlət-Özəl Tərəfdaşlığı Mükəmməllik Mərkəzinin (Istanbul PPPCOE) sədri Eyüp Vural Aydın Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlıqları (PPP)” panel müzakirəsində deyib.

Onun sözlərinə görə, son 25 ildə qlobal ticarətin həcmi üç dəfədən çox artıb:
“Minilliyin əvvəlində qlobal ticarətin həcmi cəmi 10 trilyon ABŞ dolları idi. Bu gün isə bu göstərici təxminən 30 trilyon ABŞ dollarına çatıb. Lakin infrastruktur investisiyaları eyni templə artmayıb”.

E. Vural Aydın bildirib ki, sərhədlərarası infrastruktur layihələri enerji, su, məlumat və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır:
“Hörmüz boğazında yaşanan böhran qlobal inteqrasiyanın və alternativ təchizat marşrutlarının nə qədər vacib olduğunu bir daha göstərdi. Təchizat zəncirlərində yaranan problemlər ölkələrin enerji təhlükəsizliyinə birbaşa təsir edir”.

O qeyd edib ki, investorlar üçün əsas amillərdən biri etimad mühitinin formalaşdırılmasıdır:
“İnfrastruktur sahəsində mövcud maliyyə boşluğunu aradan qaldırmaq üçün ölkələr arasında etimadın gücləndirilməsi və uzunmüddətli əməkdaşlıq mexanizmlərinin yaradılması vacibdir”.

PPPCOE rəhbərinin fikrincə, qarşıdakı illərdə dövlət-özəl tərəfdaşlığı modelinin daha geniş formatı formalaşacaq:
“Gələcəkdə biz yalnız dövlət-özəl tərəfdaşlığından deyil, dövlət-özəl-xalq tərəfdaşlığından da danışacağıq. Dayanıqlı inkişaf üçün hökumətlər, biznes və cəmiyyət birlikdə fəaliyyət göstərməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR