Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.
"APA-Economics" xəbər verir ki, bu saata olan məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.
Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilib.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayacaq və 16:00-dək davam edəcək.
***
11.00
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 535 mənzilin güzəştlə satışına başlayıb.
"APA-Economics" xəbər verir ki, mənzillərin satışı bu gün saat 11:00-dan 16:00-dək həyata keçiriləcək.
Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə isə 6 mənzil çıxarılıb.
Mənzillərin seçimi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sistemdə elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqa malikdirlər.
Satış prosesi media nümayəndələrinin iştirakı ilə müşahidə olunur.