Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq
APA xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru Natiq Əliyev deyib.
“Biz bu addımı ekoloji təhlükəsizlik baxımından nəzərə alaraq atmışıq. Yolun texniki vəziyyəti yaxşı deyildi. Region isə turizm cəhətdən çox əlverişlidir. Dövlət son illərdə bu istiqamətə diqqəti artırır. Bu regionda turizmin inkişafı etdirilməsi üçün tapşırıqları var. Ayrı-ayrı obyektlər tikilib istifadəyə verilir. Bu obyektlərə, eyni zamanda, rayon mərkəzinə təhlükəsiz çatmaq üçün yolun normalara uyğun geniş olması çox mühümdür.
Normalara uyğun olaraq 4 zolaqlı yolun eni 25 metr olmalıdır. Lakin orada yolun sağında və solunda meşə əraziləri var. Nazirlər Kabinetinin qərarına görə, xüsusi hallarda icazə verilən normalara uyğun olaraq yolun eninin 17 metr olacağına qərar verdik. Bu, normadan 8 metr azdır. Lakin bu halda təhlükəsizlik normaları təmin olunur”, - o qeyd edib.