Azərbaycan milli aviadaşıyıcısı (AZAL) tərəfindən 12 “Airbus” təyyarəsinin alınması təkçə şirkətin deyil, həm də ölkənin inkişafına qulluq edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL ilə "Airbus"şirkəti arasında təyyarələrin sifarişi müqaviləsinin imzalanması mərasimində bildirib.
Onun sözlərinə görə, AZAL ölkədəki nadir şirkətlərdəndir ki, onun gəliri 1 milyard manatın üzərindədir. Ötən il şirkət ilk dəfə mənfəətlə işləməyə başlayıb.
Nazir qeyd edib ki, şirkətin parkına yeni 12 təyyarənin ələvə edilməsi heç də təsadüfi deyil. Bu, ümumilikdə AZAL-ın 2030-cu ilədək olan inkişaf strategiyası ilə bağlı olan məsələdir. Azərbaycanda dövlətə məxsus şirkətlərin ümumi transformasiya prosesi başlayıb. Bu proses AZAL-dan da yan keçməyib. Ölkədə İnvestisiya Holdinqi yaradılıb və onun qarşısında konkret hədəflər və tapşırıqlar qoyulub. Bu hədəflərdən biri də ondan ibarətdir ki, dövlətə məxsus şirkətlər effektiv olmaqla yanaşı, həm də səmərəli olmalıdır.
Rəşad Nəbiyevin sözlərinə görə, AZAL regionda və dünyada ən təhlükəsiz aviaşirkətlərdəndir: "Təhlükəsizlik bizim üçün ən vacib məsələlərdən biridir".