Bank Of Baku

Nazir müavini: "Azərbaycanın daha bir müşahidə peyki olacaq" - MÜSAHİBƏ

Nazir müavini: "Azərbaycanın daha bir müşahidə peyki olacaq"  - MÜSAHİBƏ
# 31 avqust 2022 09:48 (UTC +04:00)

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun "APA-Economics"ə müsahibəsi

- Rövşən bəy, yaxın vaxtlarda internet provayderlərin fəaliyyətinin lisenziyalaşdırılması gözlənilirmi?

- Bildiyiniz kimi, internet provayder fəaliyyəti hazırda lisenziyalaşdırılmır. Bu qərar zamanında verilən qərardır, bəlkə də zamanında verildiyi üçün bu bazarın liberal bazara çevrilməsi baş verdi. Bilirsiniz ki, hər bir bazarın özünün tənzimləmə alətləri olmalıdır. Əgər düzgün tənzimləmə olmasa, bu cür pərakəndəlik xaosa çevrilə bilər. Bu səbəbdən ötən il bizim İKT agentliyimiz təsis olundu və artıq təşkilatlanma dövrünü yaşayır. Agentliyin görəcəyi əsas işlərdən biri məhz internet xidmətlərinin göstərilməsi, həm backbone xidmətləri, həm də son istifadəçiyə yönələn xidmətlərin düzgün, requlyativ alətlərlə nizamlanmasıdır. Bu nizamlanma təbii ki, yalnız lisenziya alətindən ibarət deyil, düzgün tənzimləmə alətləri istifadə olunmaqla həyata keçiriləcək.

- Tezlik resurslarının əldə edilməsi prosedurun sadələşdirilməsi istiqamətində hansı işlər aparılır?

- Son bir il ərzində, artıq radiotezliklər sahəsində çox böyük islahatlar həyata keçirilib. Bunu Radiotezliklər üzrə dövlət Komissiyasının yenidən daha işlək formada təşkil olunmasından görmək olar.
Bu yaxınlarda, radiohəvəskarlar üçün radiotezliklərin verilməsinin Komissiya üzərindən deyil, sadə müraciət üzərindən keçirilməsini də həyata keçirdik. Bu nə deməkdir? Adi radiovasitə istifadəçiləri öz radiostansiyalarını Komissiyanın heç bir qərarını gözləmədən iki gün ərzində Radiotezliklər İdarəsində qeydiyyata aldırmaqla istifadə edə bilirlər. Bu tezliklər sahəsində atılmış daha bir addım idi. Digər tərəfdən deyə bilərəm ki, biz çox aktiv iş aparırıq kı, tezliklərin ümumiyyətlə verilməsi və sənədləşmə prosedurları daha da sadələşdirilsin. Ümid edirik ki, ilin sonunadək bu işlər sona çatacaq və tezlik istifadəçiləri, tezliyini alınması və istifadəsi üçün çox rahatlıqla vahid "elektron pəncərə"dən istifadə edə biləcəklər.

- Hər hansı operatorun öz şəbəkəsini genişləndirmək üçün müvafiq tezlikləri hərrac yolu ilə əldə edə bilməsi mümkün olacaq?

- Bildiyiniz kimi, tezliklər məhdud resursdur. Xüsusən də nəzərə almaq lazımdır ki, Azərbaycanda tezliklərlə bağlı bu vaxtadək sistemli iş aparılmayıb. Bu yaxınlarda Dövlət Tezliklər Komissiyası radiotezlik diapazonunun düzgün seçimini və bölgüsünü təstiq etdi. Bu, milli tezlik planı idi ki, bizim olduğumuz birinci tezlik zonası dünyada qəbul olunan tezlik standartlarına uyğunlaşdı. Bundan sonrakı mərhələdə isə mövcud tezliklərin həmin milli tezliklər planına uyğunlaşdırılması lazımdır. Bəzi tezliklərin geri alınması, hansı ki, bunun üçün çox ciddi və uzunmüddətli işlərin aparılmasına ehtiyac var. Bu, yalnız bizdə deyil bütün dünyada baş verən prosesdir. Ona görə də, tezliklərin yenidən verilməsi müxtəlif alətlərdən istifadə etməklə - müsabiqə, hərrac, həm də hansısa bir formada administrativ üsullarla mümkün ola bilər. Dünyada bəlli praktikalar var. Ciddi əsaslandırılmadan sonra doğru qərar veriləcək ki, hansının üzərindən verilsin.

- Bildiyimiz qədər, "Bakutel" sərgisinin bu il də keçirilməsi nəzərdə tutulmur, hətta bu sərginin ümumiyyətlə gələcəkdə keçirilməsi sual altındadır. Belə demək olarmı ki, "Bakutel"i "Teknofest" əvəz edəcək?

- Bu il biz Bakıda "Teknofest"i keçirdik. Qeyd etdiyimiz kimi, "Teknofest" yalnız 4 günün şousu deyildi, "Teknofest" gənclərin 6 aylıq marafonunun yekunu idi. Yəni 6 ay ərzində 5000 iştirakçının qatıldığı və sonda 1000 nəfərin finala yüksəldiyi bir yarışma idi.
Hesab edirik ki, üstünlük daha çox yarış formatına verilməlidir ki, gənclərimiz öyrənməyə və həllər yaratmağa nail ola bilsinlər. Bundan sonrakı mərhələdə daha çox bu tipli yarışlara, bu tipli tədbirlərə üstünlük verəcəyik.

- Gələcək illərdə Azərbaycan yeni peyklər əldə edə bilərmi?

- Əlbəttə. Bizim peyk layihələrimiz qısamüddətli layihələr deyil. Bu, uzun müddətə hesablanan layihələrdir. Kosmik layihələrimiz davamlıdır, bunun üzərində çalışırıq. "Azerspace-1" var idi. "Azerspace-2"nin 2018-ci ildə orbitə buraxılması məhz o uzunmüddətli niyyətin göstəricisi idi. Bizim müşahidə peykimiz olan "Azersky" orbitdədir. Artıq 8 ildir ki, onun xidmətləri həm Azərbaycanda, həm də dünyada istifadə olunur.
Növbəti peyk layihələrinin üzərində hazırda işlər görülür. "Azersky-2" layihəsi üzərində ciddi araşdırmalar aparılır ki, bu peykin olması ölkəmizə hansı faydalar verəcək. Təbii ki, müəyyənləşdiriləndən sonra peykin sifariş olunması həyata keçirilə bilər.

- Peyk sahəsinə gəldikdə "Google" xəritələrində hələ də Azərbaycan ərazisində erməni qondarma toponimləri qalmaqdadır. Bu məsələ nə zaman həllini tapacaq?

- Son bir il ərzində bu istiqamətdə ciddi və aktiv işlər aparılıb. Bu yaxınlarda baş nazirin sərəncamı ilə tədbirlər planı təstiq olundu. Həmin tədbirlər planında təhrif olunan xəritələrin qarşısının necə alınması ilə bağlı atacağımız addımlar göstərilib. Burada yalnız bizim nazirliyin üzərinə yük düşmür, bütün dövlət qurumları birgə şəkildə iş aparmalıdır. Bizim ABŞ-dakı səfirliyimiz bu məsələdə xüsusi aktivdir.
"Google" şirkəti ilə aparılan danışıqlarımız daha çox bu xəritələrin daha dürüst xəritələrlə əvəzlənməsidir. Bildiyiniz kimi, bu, bir anda baş vermir, bunun üçün rəqəmsal xəritələrin hazırlanması, onların "Open data" üzərindən bu xəritənin mübadiləsini aparan şirkətlərlə mübadilə etdirilməsi lazımdır. Bu istiqamətdə işlər aparılır. Ümid edirəm ki, yaxın müddətdə bunun da həllini tapacıq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR