Parklanmanın idarə edilməsinin SMS və proqram təminatı üzərindən aparılmasının hüquqi əsasları təkmilləşdirilir

Parklanmanın idarə edilməsinin SMS və proqram təminatı üzərindən aparılmasının hüquqi əsasları təkmilləşdirilir
# 21 iyun 2024 13:14 (UTC +04:00)

Parklanmanın idarə edilməsinin SMS və proqram təminatı üzərindən aparılmasının hüquqi əsasları təkmilləşdirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir. Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunur.

Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:

1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;

2) parklanma yerlərindən istifadə qaydaları;

3) bu maddənin XIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyat vasitəsinin aparılacağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumat;

4) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə ödəniş edir.

Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Parklanmaya görə ödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

Layihəyə əsasən, parkomat vasitəsilə ödəniş ləğv edilir. Beləliklə, parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürüləcək.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerinin yerləşdiyi zona, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqla müəyyən ediləcək. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçiriləcək. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunacaq.

Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:

1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları;

2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu;

3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Əvvəldən ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmayacaq.

Parklanmaya görə ödəniş zamanı SMS və ya xüsusi proqram təminatında baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk ediəcək. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürüləcək.

Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatı SMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR