Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb  - YENİLƏNİB
# 27 iyun 2024 21:56 (UTC +04:00)

27 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı iki ölkə arasında tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda ali səviyyədə təşəkkül tapan qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və bir sıra digər strateji əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında uğurlu əməkdaşlığın nümunələri olan irimiqyaslı neft və qaz boru kəmərlərinin və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasının regional inkişaf, sülh və sabitliyə töhfə verdiyi vurğulanıb. Bununla yanaşı, “Yaşıl Enerji” koridoru üzrə aparılan işlər və birgə layihələrin icrası məsələləri nəzərdən keçirilib.

Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizinin səmərəliliyinin, rəqabət qabiliyyətinin və tranzit potensialının artırılması baxımından əhəmiyyəti qeyd olunub.

Bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçid həcminin artırılmasından sonra yolun tam gücü ilə işləməsi və yük daşımalarının artırılmasından məmnunluq ifadə olunub.

Nazir Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi ilə əlaqədar həyata keçirilən işlər barədə məlumat verib və COP29 çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

19:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" hesabında paylaşın edib.

"Gürcüstana rəsmi səfər çərçivəsində Baş nazir Kobaxidze tərəfindən qəbul olunmaqdan şərəf duydum.

Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıqdan məmnunluq ifadə olundu. Siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək yolları müzakirə olundu", paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR