Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə rəsmi səfərdə olan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevi qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz-Xəzər dənizi nəqliyyat marşrutu, Fars körfəzi-Qara dəniz dəhlizi və "yaşıl limanlar"ın önəmi vurğulanıb.
Qeyd edilib ki, ölkələr arasında kordinasiyalı əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb edilməsi prosesini asanlaşdırır və bu, son nəticədə hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir.
Görüşdə regionun inkişafı və uzunmüddətli rifahı üçün sülh və sabitliyin vacibliyi vurğulanıb. Baş nazir vurğulayıb ki, Gürcüstan Cənubi Qafqaz regionunda dinc əməkdaşlığı dəstəkləyir və iqtisadiyyat, ticarət, mədəniyyət kimi sahələr üzrə regional dialoqa yardım etməyə hazırdır. Əlavə edib ki, Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq formatı və əməkdaşlığın qurulmasını nəzərdə tutan sülh təşəbbüsü bu məqsədə xidmət edir.
Söhbət zamanı Ukraynada davam edən hərbi əməliyyatların regionda təhlükəsizlik vəziyyətinə təsirinə də toxunulub.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili də iştirak edib.