"Azərbaycan və Polşanın kibertəhlükəsizlik sahəsində əməkdaşlığı hər iki ölkə üçün faydalı olardı".
Bunu APA-ya açıqlamasında Polşanın Beynəlxalq Əlaqələr İnstitutunun Qlobal Problemlər Proqramının tədqiqat ofisinin rəhbəri Şimon Zareba deyib.
"Hesab edirəm ki, ən vacib məsələlərdən biri kibertəhülkəsizlik sahəsinə cavabdeh olan konkret qurumlar arasında əməkdaşlıq olardı. Aydındır ki, bu xüsusi, həssas sahədir. Kibertəhlükəsizlik son dərəcə həssas olduğundan, o çox vacib milli preroqativlərdən biri hesab edilir. Amma mən hesab edirəm ki, bir çox ölkələrin, xüsusən də Avropa İttifaqı ölkələrinin, o cümlədən Polşanın təhlükəsizlik xidmətləri və ya hüquq-mühafizə orqanları bu məsələdə Azərbaycan xidmətləri ilə əməkdaşlıq edə bilər. Bu, əlbəttə ki, böyük etimad və o cümlədən hökumətlər arasında müəyyən razılaşmalar tələb edir, lakin düşünürəm ki, bu, mümkün ola bilər. Eyni zamanda, bu sahədə təcrübə mübadiləsi də faydalı ola bilər ki bu, hətta konkret razılaşma olmadan da mümkündür".
Polşalı tədqiqatçı bildirib ki, əməkdaşlığın digər bir forması ondan ibarət ola bilər ki, maraqlı və cəlb olunmuş ölkələr üçün kibertəhlüksizlik sahəsində çox vacib və təhlükəli hesab edilən məqamların diqqət yetirildiyi birgə tədqiqat və inkişaf layihələri həyata keçirilsin: “Hesab edirəm ki, bu, həm Azərbaycan, həm də Aİ ölkələri, o cümlədən Polşa üçün səmərəli olar”.
Polşalı rəsmi Avropa İttifaqının təsdiqlədiyi Süni İntellektin Tənzimlənməsi Aktı barədə də danışıb. Onun sözlərinə görə, Aİ-nin bu Aktı artıq Avropa Parlamenti tərəfindən təsdiqlənsə də, yekun olaraq hələ Aİ Şurası tərəfindən təsdiqlənməyib: “Sənədin son versiyasını hələ gözləməliyik. Ancaq indiyə qədər görə bilərik ki, Aİ süni intellektdən istifadəni dörd kateqoriyaya təsnif etməyə çalışır”.
O deyib ki, Süni İntellekt sahəsi ilə bağlı bu Aktda bəzi riskli kateqoriyalar var ki, bu kateqoriyalarda tənzimləmə daha az müdaxilə xarakterli olacaq ki, bu, xüsusən də özəl sektorla bağlı məsələlərdir.
Şimon Zareba süni intellektdən istifadənin qeydiyyatı ideyası barədə danışaraq qeyd edib ki, bunun reallaşması ayrı-ayrılıqda məsuliyyət daşıyan şirkətləri tapmağa imkan verəcək. O deyib ki, bəzi şəxslərin və ya şirkətlərin hüquqları pozular və bu zaman qeydiyyat əsasında həmin məsuliyyət daşıyan tərəflərin məsuliyyətə cəlbi daha asanlaşa bilər: “Şirkətlər və ya dövlət sektoru qurumları tərəfindən risklərin idarə edilməsi ilə bağlı institutlar və ya orqanların yaradılması kimi daha spesifik tədbirlər də bu aktda təklif olunur. Hesab edirəm ki, bu Akt əsasında müəyyən müdaxilələr olacaq, lakin digər tərəfdən Aİ insan hüquqlarını, məxfiliyi, məlumatların və insanların təhlükəsizliyini qorumağın lazım olduğuna inanır”.