Bakı - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Gürcüstan Respublikasındakı nümayəndəliyi (filial) - “Akkord Georgia”nın icra etdiyi Kutaisi dolama yolunun tikintisi layihəsi yekunlaşıb.
Korporasiyadan “APA-Economics”ə verilən məlumata görə, yolun açılış mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, regional inkişaf və infrastruktur naziri David Şavliaşvili, xarici ölkələrin Gürcüstanda akkreditasiya olunan səfirləri, “Akkord”un baş direktoru Göksel Aybek, baş direktorun müavini Samir Qasımov, korporasiyanın Xarici Layihələr Qrupunun rəhbəri Levent Morova, “Akkord Georgia”anın direktoru Naci Özdəmir və s. iştirak ediblər.
Tikintisinə 2012-ci il fevral ayının 17-də start verilmiş I kateqoriyaya aid Kutaisi dolama yolu beton örtüklü olmaqla Türkiyə-Gürcüstan-Azərbaycan və əksinə istiqamətdə tranzit yükdaşımalarda istifadə olunan yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin etməkdən ibarətdir.
Böyük İpək Yolu layihəsinə daxil olan, Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində inşa edilən 17,3 km-lik beton örtüklü Kutaisi dolama yolu ilə eyni vaxtda istifadəyə verilən 16 km-lik Samtredia yolunun açılışı təntənəli və əyləncəli mərasimlə yadda qalıb. Belə ki, açılış mərasimində yarış avtomobilləri və motosikletçilərdən ibarət qrup maraqlı şou nümayiş etdirib.
Qeyd edək ki, 33,3 km-lik Kutaisi dolama yolu layihəsi və Samtredia layihəsi “Akkord”un son 3 il ərzində Gürcüstanda icra etdiyi ən iri infrastruktur layihələrindəndir.
Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən layihənin başlanğıcından Türkiyəyə gediş istiqaməti üzrə 11,5 metr eni olan yol üzərində 6 ədəd körpü (ümumi uzunluğu 1985 metr) və 4 ədəd yolötürücünün (Samtredia layihəsi ilə birlikdə - 7 ədəd yolötürücü) inşası həyata keçirilib.
Çaylar üzərində inşa edilmiş körpülərin hündürlüyü təxminən 20 metr olub. Ən uzun körpü isə Rioni çayı üzərindən keçən körpüdür ki, uzunluğu 900 metrdən artıqdır. İqlim şəraitinə görə üzərində körpü inşa edilən çaylarda dəfələrlə sel, su daşqınları olmasına baxmayaraq işlər sürətlə və keyfiyyətlə başa çatdırılıb.
Yolun alt hissəsində 42 ədəd düzbucaqlı borular da inşa edilib.
Kutaisi dolama yolu layihəsinin icrası üçün “Akkord Georgia” tərəfindən 4 karxana icarəyə götürülüb. Tikinti ərazidə 2 ədəd daşdoğrayan qurğu, 3 ədəd beton zavodu, 1 ədəd asfalt zavodu, 1 ədəd dəmir-beton konstruksiyalar zavodu (DBK) qurulub. Layihə üzrə körpülərin tikintisində istifadə olunan 800-ə yaxın 33 metrlik körpü tirlərinin hamısı “Akkord Georgia”nın DBK Zavodunda hazırlanıb.
Bununla yanaşı, tikinti ərazisində qum-çınqıl, beton və asfalt məhsullarının analizi üçün müasir təchizatlı laboratoriya da fəaliyyət göstərib.
“Akkord Georgia” həmçinin yerli yolların təmir edilməsində yerli instansiyalara dəfələrlə köməklik göstərilib. Bununla əlaqədar olaraq, yerli qubernatorluqdan “Akkord Georgia”-nın ünvanına dəfələrlə təşəkkür məktubları daxil olub.
Təntənəli mərasim başa çatdıqdan sonra “Akkord” rəhbərliyi “Akkord Georgia”nın mənzil qərargahında olub. “Akkord” Korporasiyasının Baş direktoru Göksel Aybek ilk olaraq layihənin inşasında əməyi keçən bütün əməkdaşları çoxminlik “Akkord” kollektivi adından təbrik edib. Xüsusilə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edib.