Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC Macarıstanda keçirilmiş Budapeşt Su Sammitində iştirak edib.
“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ASC sammit çərçivəsində təşkil olunmuş su resurslarının idarə olunması və kanalizasiya xidmətləri sərgisində iştirak edib. Müxtəlif ölkələrdən 40-dan çox təşkilatın təmsil olunduğu sərgidə “Azərsu” ASC-nin stendləri nümayiş etdirilib.
“Azərsu”nun stendlərini ziyarət edən qonaqlara Səhmdar Cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeni texnologiyalar və qazanılan zəngin təcrübə haqqında ətraflı məlumat verilib. Eyni zamanda sərgi ziyarətçilərinə “Azərsu” ASC-nin son illər həyata keçirdiyi əsaslı tikinti və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Sərgi çərçivəsində “Azərsu” ASC-nin nümayəndə heyəti UNESCO, Beynəlxalq Hidroloji Proqram, Dünya Su Şurası, Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutu, Beynəlxalq Su Ehtiyatları Assosiasiyası, Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, müxtəlif universitetlərin elm xadimləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə məhsuldar görüşlər keçirilib.
Ümumilikdə Budapeşt Su Sammiti qlobal problemlərin müzakirəsi və gələcək əməkdaşlıq baxımından səmərəli olub. BMT-nin baş katibi Ban Ki Mun, Macarıstan prezidenti Yanoş Adar, UNESCO-nun baş katibi İrina Bokova, bir sıra ölkələrin hökumət rəsmilərinin iştirak etdiyi sammitdə ATƏT, BMT-nin Avropa İqtisadi Komissiyası, Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Sənayenin İnkişafı Komissiyası, Dünya Su Şurası, Dünya Səhiyyə Təşkilatı, Dünya Meteorologiya Təşkilatı və nüfuzlu şirkətlərin nümayəndələri də təmsil olunub.
Sammitdə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun dünyada içməli su çatışmazlığı ilə bağlı qlobal problemlərdən bəhs edib və onların həlli yollarından danışıb. Baş katib gələcəkdə yaşanacaq su çatışmazlığı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, 2030-cu ilə qədər yer kürəsində yaşayan insanların yarısının kəskin içməli su qıtlığı ilə üzləşəcək. Baş katib şirin su mənbələrindən səmərəli və məqsədli şəkildə istifadə olunmasını tövsiyə edib.
Sammitin plenar iclasında çıxış edənlər içməli su təminatındakı problemlərin aktuallığından bəhs edib və bu sahədə əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.
Daha sonra sammit işini elm, vətəndaş cəmiyyəti, biznes, yer mövzusunda forumlarında davam edib. Forumlarda yerüstü və yeraltı su ehtiyatlarının qiymətləndirilməsi, su təchizatı və suvarma, subasma və sel təzahürləri, tullantı suların kənarlaşdırılması, yeni texnologiyalar sahəsində aparılan elmi araşdırmalar və nailiyyətlər ətrafında müzakirələr aparılıb, problemlərdən çıxış yolları göstərilib. Sammitin yekun sənədi olaraq Budapeşt Bəyannaməsi qəbul edilib.