Bakı. Aynur Əliyeva – APA-Economics. “Bakı Metropoliteni” QSC müxtəlif sahələr üzrə akademik tədris təşkil etmək niyyətindədir. Hazırda üzərində iş aparılan plana əsasən, qurum tədris prosesinə təkcə metro işçilərini deyil, o cümlədən kənardan istəyi və marağı olan gənclərin də cəlb olunmasını nəzərdə tutur.
Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, metroda səriştəli və bacarıqlı mütəxəssislərin hazırlanması üçün yerli, habelə xarici ali məktəblərin müəllimlərinin mərkəzə dəvət olunması bu strategiya üzrə planın bir hissəsini təşkil edir.
“Təəssüf ki, bu gün ali məktəblərin heç birində metropoliten sahəsində mütəxəssis yetişdirilmir. Odur ki, biz tədris mərkəzində mütəxəssislər yetişdirmək niyyətindəyik. Kənardan bizim işimiz asan görünə bilər. Amma əslində metro çox mürəkkəb sahədir. Məsələn, maşinist sahəsində işləyən işçi əvvəlcə ən azı 3 il çilingər işləməlidir. O, qatarı hərtərəfli öyrənməlidir. Vaqonu, detallarını, problemin harada olduğu bilməlidir. Çünki metro strateji yerdir, ona görə də mütləq təcrübəsi olmalıdır”, - deyə N. Paşayev qeyd edib.
O, əlavə edib ki, “Bakı Metropoliteni” QSC-nin maşinistləri 6 ayda bir dəfə imtahan verirlər: “Bir neçə il çilingər işləyən şəxs özünü doğrulda bilmirsə, onun maşinist olmaq şansı da olmur. Bundan başqa, metroda yeniliklərlə tətbiq olunduqca onlara təlimlər də keçilir. Bununla əlaqədar isə maşinistlər attestasiyadan keçməli olurlar”.