Bakı - APA-Economics. “Sirena Motors” MMC qeyri-qanuni stimullaşdırıcı lotereya keçirməsi ilə bağlı yayılan xəbərlər münasibət bildirib.
Şirkətdə “APA-Economics”ə daxil olan məlumatda deyilir: “Bu gün APA informasiya agentliyinin saytında (www.apa.az) “Sirena Motors” MMC-nin keçirdiyi stimullaşdırıcı lotereya qeyri-qanunidir adlı yazı yerləşdirilmişdir. Bizim şirkətin imicinə mənfi təsir edəcəyini nəzərə alaraq öz fikrimizi sizin vasitənizlə oxuculara çatdırmağı özümüzə borc bilirik. “Sirena Motors” MMC-nin keçirdiyi uduş kampaniyasıdır. Bu kampaniya yalnız bizim müştərilərimizin üçün nəzərdə tutulub. Biz kənardan heç kimə lotereya kağızı satıb demirik ki, filan vaxtı siz maşın uda bilərsiniz. Uduş yalnız bizim müştərilərimizə aiddir. Hətta əksər reklam kampaniyalarımız zamanı təkcə öz avtomobillərimizi reklam edirik, uduş kampaniyasını yox. Çox təəssüf edirik ki, bəzi yeni yaranmış xəbər saytları bundan istifadə edərək bizə “siz bizim sayta reklam yerləşdirin biz bu haqda yazmayaq” deyə müraciətlərdə etdilər. “Sirena Motors” MMC Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərir. Bu məsələ ilə isə şirkətin hüquqşünasları məşğul olacaq”.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bu gün yaydığı məlumatda bildirilib ki, qurum tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Sirena Motors” MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.
QKDK “Sirena Motors” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirib və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edib.