Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) KİV nümayəndələri üçün yeni formatda kommunikasiya layihəsinin təqdimatını keçirib.
«APA-Economics»in məlumatına görə, layihə çərçivəsində «Nar Mobile» şirkətinin rəhbərliyi «Mətbuat Klubu»nda KİV nümayəndələri ilə mütəmadi olaraq qeyri-rəsmi şəraitdə görüşlər keçircək və müxtəlif mövzularda müzakirələr aparacaq. «Mətbuat Klubu»nun əsas məqsədi KİV-lə ünsiyyət qurmaq üçün platforma yaratmaq, ən son məlumatlarla, nailiyyətlərlə, şirkətin strategiyası və yenilikləri ilə bölüşməkdir.
Sözügedən ilk belə görüş mayın 7-də keçirilib. Tədbirdə çıxış edən şirkətin baş direktoru Kent Maknili «Nar Mobile»ın 2013-cü il üzrə strategiyası, missiyası və dəyərləri haqqında danışıb, jurnalistlərlə münasibətlərin daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib: «Jurnalistlər və media nümayəndələri hər zaman «Nar Mobile»ın diqqət mərkəzində olub və biz onlarla əməkdaşlığa böyük önəm veririk. Təsadüfi deyil ki, bu gün şirkət ilə jurnalistlər arasında dostluq münasibətləri var. Yeni yaranmış «Nar Mobile Mətbuat Klubu» bizim jurnalistlərlə yeni formatda olan kommunikasiya platformamızdır. Bu klubu yaratmaqda əsas məqsədimiz bu sahədə olan əməkdaşlığımızı daha da dərinləşdirmək, öz növbəsində informasiya axınını daha operativ, keyfiyyətli və mükəmməl etməkdir».
Tədbir çərçivəsində həmçinin jurnalistlər üçün yeni «NarMedia» tarif planı da təqdim edilib. Belə ki, yeni tarifə əsasən jurnalistlər öz aralarında dəqiqəsinə görə 0,02 manat ödəməklə danışa biləcəklər.