“APA-Economics”in xəbərinə görə, “Auto Azərbaycan” şirkəti “Ilin distribüteri” adını alıb.
Azərbaycan avtomobil bazarının liderlərindən olan şirkət bu mükafata Çin avtomobil nəhəngi “Geely” ilə uğurlu əməkdaşlığına görə layiq görülüb.
Avropada daha çox London taksilərinin istehsalçısı kimi tanınan “Geely” son illər sürətlə inkişafdadır. 2009-cu ildə dünyanın 2-ci ən böyük transmissiya istehsalçısını - Avstraliyanın DSİ şirkətini alıb. “Geely” 2010-cu ildə “Volvo” şirkəti üzərində 100% sahiblik əldə edib. 2012-ci ildə “Geely” ilə “Volvo” arasında texnoloji transfer sazişi imzalanıb. Bu saziş “Geely”nin bütün avtomobillərini Avropa standartları ilə təkmilləşdirməsinə imkan verib.
“Geely” Avtomobil İnstitutu və “Geely” Texnologiya Mərkəzi Çin brendinə dünya avtomobil nəhəngləri ilə rəqabətə girmək imkanı verir. Hər il brend 6-dan artıq yeni model istifadəyə verir.
Ötən il “Emgrand EC7” modelinin Euro NCAP-da qazandığı 4 ulduzu da brend böyük uğuru kimi qiymətləndirir. Bu il Şanxay avtoşousuna 23 modellə gələn “Geely” “Emgrand EC7”nin xalis elektrik sedanını nümayiş etdirib. Bu model təkcə “Geely” üçün deyil, ətraf mühiti qorumağa istiqamət götürən dünya avtomobil texnologiyası üçün də yenilikdir.
Qeyd edək ki, Şanxay avtoşou dünyanın ən irimiqyaslı avtomobil sərgilərindən hesab olunur. Şanxay avtoşousunu 10 minə yaxın jurnalist izləyir.