Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 22-24-də Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) növbəti illik sammiti keçiriləcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Forumda nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. Forum zamanı iştirakçıların və ITF-ə üzv dövlətlərin cəmiyyətinin tələbləri və ehtiyacına uyğun olaraq nəqliyyat məsələlərinin həlli üçün çıxış yollarının tapılmasını müzakirə edəcəkləri gözlənilir.
Eyni zamanda, Forumun dünyanın bugünkü tələblərinə uyğun olaraq nəqliyyat sektorunun inkişafı üçün yeni perspektivlər yaradacağı gözlənilir. Forum üzv dövlətlər üçün müxtəlif məsələlər və təcrübələr barədə öz fikirlərini paylaşmaq və sıx əməkdaşlıq münasibətləri qurmaq baxımından yeni imkanlar yaradır.