Bakı. Nicat Mustafayev – APA-Economics. Cenevrədə (İsveçrə) İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS'13) açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı ofisinin nümayəndəsi və Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin əməkdaşı iştirak ediblər. Açılış mərasimində nazir müavini E.Vəlizadə çıxış edərək Azərbaycanda İKT sahəsində dövlət siyasəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr barədə məlumat verib. Azərbaycanın bu il ilk peykinin orbitə çıxarıldığını qeyd edən nazir müavini peykdən Azərbaycanla yanaşı, Avropa, Asiya, Yaxın Şərq və Afrika ölkələrinin istifadəçilərinin də faydalana biləcəyini qeyd edib.
E.Vəlizadə Azərbaycanın təşəbbüskarı olduğu TransAvrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqda da sammit iştirakçılarına məlumat verib.
Qeyd edək ki, sammit çərçivəsində TASİM layihəsinə həsr olunmuş xüsusi seminarın keçirilməsi planlaşdırılır.