Qəbələ. Əli Əhmədov - APA-Economics. İKT sektoru Azərbaycanın qeyri-neft sektorunda ən prioritet sahələrdən biri sayılır və “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında İTK-nin inkişafı xüsusi nəzərdə tutulur.
“APA-Economics”in xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bu gün Qəbələdə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən gömrük işində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı «E-hökumət: Gömrük sahəsində innovasiyalar» mövzusunda V beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, adı çəkilən konsepsiyaya əsasən 2020-ci ilədək Azərbaycanda ÜDM iki dəfə artmalıdır: “Bununla bağlı İKT sahəsində də konkret işlərə başlanıb. Onların tərkib hissəsi olaraq Azərbaycanın İKT potensialının gücləndirilməsi üçün ölkədə İnformasiya Texnologiyaları Fondu təsis edilib. Bu fondun təyinatı ondan ibarətdir ki, Azərbaycanın İKT şirkətlərinə qrant və kredit yolu ilə dəstək verilsin, eyni zamanda ölkədə fəaliyyət göstərmək istəyən xarici şirkətlərin investisiya layihələrində birgə iştirak etməklə onlara dəstək olsun”.
E.Vəlizadə xatırladıb ki, Azərbaycanda xüsusi Yüksək Texnologiyalar Parkının yaradılması planlaşdırılır: “Təqribən 30 hektar ərazini əhatə edəcək məkanda ən qabaqcıl texnologiyaların istehsalının təşkil edilməsi, elmi tədqiqatlarının aparılması, yeni fəaliyyətə başlayan startap şirkətlərinin fəaliyyətinə dəstək verilməsi planlaşdırılır. Həmçinin İKT sahəsində kadr potensialını təmin etmək üçün yüksək beynəlxalq səviyyəli İnformasiya Texnologiyaları Universitetin qurulması barədə qərar qəbul edilib. Bu ildən həmin universitetə ilkin tələbə qəbulu həyata keçiriləcək”.