Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın “Silkway Helicopter Services” şirkəti yeni alınmış AW139 VIP tipli helikopterlərin istismarına başlayıb. Bu barədə APA-ya şirkətdən məlumat verilib.
Yüksək rahatlığa malik olan bu helikopter VIP sərnişinlərinə xidmət üçün nəzərdə tutulub. AW139 VİP öz sinifində ən böyük və geniş sərnişin kabinəsinə malik olan, sərnişinlərə rahat uçuş yerinə yetirilməsinə qadirdir.
Qeyd edək ki, Azərbaycan 2012-ci ildə İtaliyanın «Finmeccanica» şirkətlər qrupuna daxil olan “AgustaWestland” şirkətinə ümumi dəyəri 115 milyon avro təşkil edən 8 ədəd AW-139 və iki ədəd AW-189 helikopteri sifariş verib. Azərbaycanın aldığı 4 ədəd AW-139 və 2 ədəd AW-189 helikopterləri dəniz nəqliyyatı üçün, 2 ədəd AW-139 helikopteri tibbi yardım xidməti üçün, 1 ədəd AW-139 helikopteri axtarış və xilas etmə əməliyyatları üçün, 1 ədəd AW-139 helikopteri isə VİP nəqliyyat xidməti üçün nəzərdə tutulub.