Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Golden Pay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə - “Elektron pul kisəsi”nin tətbiqini planlaşdırır. “Elekrton pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.
MHM-dən “APA-Economics”ə verilən məlumata görə, bunun üçün "Elektron Hökumət” portalı (e-gov.az) və rabita.az saytlarında online ödəniş prosesində kartların seçimi zamanı siyahıda “VİSA/VİSA Elektron”, “Master Card/Maestro” kartlarından başqa “Elektron imza kartı” da göstəriləcək. “Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.
“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosessinqi MHM-nin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərdən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.