Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 252,7 mln. manat vəsait yönəldilib, onun 63,1%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 28,4%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 40,9% artıb. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 2 586,5 mln. manat, qeyri-dövlət müəssisələri isə 1 666,2 mln. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 2 289,1 mln. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 1 963,6 mln. manatlıq vəsaitdən istifadə edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,3% artaraq ümumi sərmayənin 72,2%-ni təşkil edib, onun 78,6%-i dövlət, 21,4%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 1 911,8 mln. manat (ümumi vəsaitin 45%-i), bank kreditləri 228,3 mln. manat (5,4%-i), büdcə vəsaitləri 1 883,4 mln. manat (44,3%-i), büdcədənkənar fondların vəsaitləri 120,9 mln. manat (2,8%-i), əhalinin şəxsi vəsaitləri 94,7 mln. manat (2,2%-i), sair vəsaitlər 13,6 mln. manat (0,3%-i) təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 47,2%-i sənaye sahələrinin inkişafına, 17,5%-i nəqliyyat və anbar təsərrüfatına, 8,1%-i dövlət idarəetməsinə, 7,7%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 7,6%-i mənzil tikintisinə), 4,4%-i kənd təsərrüfatına, 3,5%-i istirahət, əyləncə və incəsənətə, 3,2%-i səhiyyəyə, 2,8%-i təhsilə, 2,3%-i tikintiyə, 1,2%-i informasiya və rabitəyə, 0,8%-i ticarətə, 0,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, hər birində 0,1% olmaqla maliyyə və sığorta, peşə, elmi və texniki fəaliyyətə sərf edilib.
Yanvar-aprel aylarında qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 26,6% artaraq 2 838,1 mln. manat (ümumi sərmayənin 66,7%-i) təşkil edib, o cümlədən 593,5 mln. manatı (14%-i) qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilib, 1 414,6 mln. manatı neft bölməsinə yönəldilib. Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 79,7%-i dövlət, 20,3%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Qeyd edək ki, cari ilin ilk dörd ayında Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Qəbələ rayonunda üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Hacıqabul rayonunda seramik plitələr istehsalı zavodu, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 509 min kvadrat metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 2 458 şagird yerlik ümumtəhsil məktəbləri, 317 yerlik məktəbəqədər təhsil müəssisələri, 584 yerlik klub və s. obyektlər istifadəyə verilib.