Bakı. Aqşin Rafiqoğlu-APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 18,9% artaraq 288,2 mln. manat təşkil edib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin səkkiz ayı ərzində ölkədə 1 911,3 min ton sement istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,9% çoxdur.
Bu müddət ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 10,7% artaraq 19,7 min ton olub. Bu il ərzində hörmə üçün hazır beton qarışığının istehsalı da 25,5% artaraq 1 149,0 min təşkil edib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda asfalt, tikinti gipsi, tikinti kərpici və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı azalıb. Belə ki, bu ilin 8 ayı ərzində asfalt istehsalı 16,5% azalaraq 255,2 min ton, tikinti gipsinin istehsalı 34,4% azalaraq 125,1 min ton, tikinti kərpicinin istehsalı 31,3% azalaraq 178,6 min kubmetr və emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 62,5% azalaraq 2 856,3 min təşkil edib.