Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin aprel ayı üzrə 425,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, martda həmin indikator 193,9%-ə bərabər olub, fevralda isə cəmi 95,0% olub.
CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar üzrə yanvardakı kəskin azalmadan sonra, fevralda sabitlik bərpa olunub, martda 2 dəfəyə yaxın səviyyədə, apreldə isə 4,3 dəfəlik artım baş verib:

Cədvəldən göründüyü kimi, investisiyaların həcmi yanvar-mart aylarında hələ də aşağı səviyyədə olub və aprel hesabına vəziyyət tarazlaşıb. Belə ki, ötən ilin yanvar-aprel aylarında mənzil tikintisinə yönəldilən investisiyaların həcmi 266,9 mln. manat təşkil etdiyi halda, bu ilin 4 ayı ərzində bu göstərici artıq 322,1 mln. manata bərabər olub. Eyni zamanda, ötən il ərzində mənzil tikintisinə yönəldilən investisiyaların orta aylıq həcmi 116,3 mln. manata olduğu halda, bu ilin yanvar-aprel ayları üzrə həmin göstərici cəmi 80,5 mln. manat təşkil edib. Beləliklə, illik mənzərə baxımından vəziyyət hələ də tam sabitləşməyib.
Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, həm onunla bağlı olan sahələrdəki vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti əks etdirir.